Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-114/2021 03.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin 14 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi, Mehman Həşimov tərəfindən qəbul edilmiş 14 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin 14 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, O, Gədəbəy rayon Polis şöbəsinin 14.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, 14.07.2020-ci il tarixdə Gədəbəy rayonunda yerləşən “Oba” marketdə administrator vəzifəsində işlədiyi zaman, həmin gün marketin içərisində yemək yediyi vaxt kassada nasazlıq yarandığından o kassaya yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşları məni tibbi maska taxmamağa görə polis şöbəsinə dəvət etdilər. O da polis şöbəsinə getmış və orada yemək yediyinə görə tibbi maska taxmamışdır. Orada ona “səni yemək yeyə-yeyə heç kimi cərimə edə bilməz” deyə bildirmişlər. O da cərimə olunmadığını güman edib getmişdir. Ondan sonra mənə karantin qaydalarını pozmağa görə heç bir cərimə qərarı göndərilməmiş, bu barədə məlumatı olmamışdır. 2020-ci ilin oktyabr ayında “Vətən müharibəsi” ilə əlaqədar döyüşlərə qatılmış, 2020-ci ilin dekabr ayının 26-da tərxis olmuşdur. O, müharibədən qayıtdıqdan sonra da cərimə olunmağı barədə ona heç bir məlumat verilməmişdir. Yalnız 15 aprel 2021-ci il tarixdə ona Gədəbəy rayon icra və probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra bu barədə məlumatı olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbəri olmamış və əsassız protokol tərtib edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış, qərar və inzibati xəta haqqında protokol ona rəsmi qaydada göndərilməmiş, qərar icraya yönəldikdən sonra 15 aprel 2021-ci il tarixdə Gədəbəy rayon icra və Probasiya şöbəsindən xəbərdarlıq məktubu göndərildikdən sonra qərarın və inzibati xəta haqqında protokolun kserosurətini əldə edərək barəsində belə bir cərimə qərarının olmasını bilmişdir. Ona görə də qərardan indi şikayət verməli olmuşdur. Bunu nəzərə alaraq qərardan şikayət verməyim üçün müddətin buraxılmamış hesab edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan 14.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 14.07.2020-ci il tarixdə saat 16 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən mağazada epidemiya əleyhinə rejimin qaydalarını pozaraq fərdi qoruyucudan istifadə etməmişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin rəisi, Mehman Həşimov tərəfindən qəbul edilmiş 14 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli qərarına əsasən;
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, X1 barəsində inzibati tənbeh verilməsi haqqında qərarın olmasından xəbəri olmamış, qərardan 29 mart 2021-ci il tarixdə xəbəri olmuşdur. Odur ki, X1 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 14.07.2020-ci il tarixdə saat 16 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən mağazada epidemiya əleyhinə rejimin qaydalarını pozaraq fərdi qoruyucudan istifadə etmədiyi üçün Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov onu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə etmişdir. X3 həmin vaxt işlədiyi marketdə yemək yeyən zaman polis əməkdaşları içəri daxil olaraq onu tibbi maskadan istifadə etmədiyinə barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Onun həmin vaxt yemək yediyi üçün tibbi maskadan istifadə etməsi mümkün olmamışdır. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Gədəbəy rayon Polis şöbəsi tərəfindən İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 14.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda X1 14.07.2020-ci il tarixdə saat 16 radələrində Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən mağazada epidemiya əleyhinə rejimin qaydalarını pozaraq fərdi qoruyucudan istifadə etməməsi göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, X3 həmin vaxt işlədiyi marketdə yemək yeyən zaman polis əməkdaşları içəri daxil olaraq onun barəsində qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin vaxt X1 yemək yeyərkən tibbi maskadan istifadə etməsi qeyri-mümkün olmuş və onun hərəkət və ya hərəkətsizliyi araşdırılmadan barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Bu da onu göstərir ki, X1 əməlində İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 14 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq,
QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 14 iyul 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Marif Kazımov