Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-12/2024 23.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi X3 iştirakları ilə, X2 Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon İcra Hakimiyyətinin inzibati tənbeh verilmə haqqında MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy RİH-nin inzibati tənbeh verilmə haqqında MN ******* saylı qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 800 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Barəsində olan qərardan icra məmuru ona cərimənin ödənilməsi ilə bağlı məlumat verən zaman xəbəri olmuşdur. Qərar qanunsuzdur. O, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bağ salmışdır. Bağa qulluq edilməsi üçün həmin sahədə otaq tikmək istəmiş, lakin polis əməkdaşları tərəfindən əsaslı tikinti aparmaması barədə ona xəbərdarlıq edilmiş, eyni zamanda bildirilmişdir ki, torpaq sahəsində daşınması mümkün olan vaqon yerləşdirə bilər. Bundan sonra bağ sahəsində daşınması mümkün olan vaqon tipli qurğu yerləşdirmişdir. Bunu baxmayaraq, polis əməkdaşları onu məlumatlandırmadan barəsində protokol tərtib edilmiş və icra hakimiyyətinin əməkdaşları onu inzibati araşdırmada iştirak etmək üçün çağırmadan barəsində inzibati tənbehvermə əsi haqqında qərar çıxarmışlar. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin məsləhətçisi X5 izahat verərək, bildirmişdir ki, Gədəbəy rayon sakini X4 ozünə məxsus olan torpaq sahəsində tikinti işləri aparmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona tikinti işlərinin aparmaması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, X4 özbaşına tikinti işləri aparmış, buna görə də Gədəbəy Rayon Polis X8 Polis Bölməsinin əməkdaşları tərəfindən onun barəsində X10 protokol tərtib edilmiş, aidiyyatı üzrə baxılması üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə gönədrilmiş, o, 800 manat cərimə edilmişdir. Qərar torpaq sahəsində vaqon yerləşdirlməsi ilə əlaqədar deyil, əsaslı tikinti işlərini aparmağa başladığı üçün çıxarılmışdır. Onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar qanunidir. Ona görə də X2 şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı X10 Protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Novo-Saratovka kəndində “Spornı” adlanan ərazidə özbaşına tikinti işləri aparması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Gədəbəy RİH-nın Hüquq Şöbəsinin müdirinin inzibati tənbeh verilmə haqqında MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsidə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 800 manat miqdarında inzibati cərimə növündə tənbehi təyin edilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.4377 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X2 mülkiyyət hüququ qeydə alınmamışdır. İşdə olan fotoşəkillərdən görünür ki, şikayətçiyə məxsus torpaq sahsəində vaqon tipli qurğu yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X10 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X10 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X10 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.1. 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata isə xitam verilir: Beləliklə, X1 Rayon İcra Hakimiyyəti Başçısının Hüquq Şöbəsinin müdirinin MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X4 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vaqon tipli qurğu yerləşdirmişdir. Bu qurğu daşınar əmlak kateqoriyasına aiddir və əsaslı tikinti obyekti kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı çıxarmış orqanın nümayəndəsi qərarın qanuniliyini əsaslandırarakən, barəsində qərar çıxarlmış şəxsin əsaslı tikinti işlərini başladığına görə məsuliyyətə cəlb edildiyini bildirmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə inzibati xəta əməlinin tam tərkibi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi zamanı, yəni, bitmiş əməlin törədilməzi halında yaranır. Bundan başqa, həmin maddə ilə məsuliyyətin yaranması özbaşına tikinti işləruinin aparılması deyil, tikinti işlərinin aparılması üçün müvafiq orqandan icazə alınmaması halında yaranır. İşdə olan sənədlərdən görünür ki, şikayətçinin mülkiyyətində olan torpaq kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir və bu kateqoriyaya aid torpaqlarda tikinti işlərinin aparılmasına icazə verilməsi ümumiyyətlə, nəzərdə tutulmamışdır. Yəni, məhkəmənin qənaətinə görə şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkib hissəsi yoxdur. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra Hakimiyyətinin MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən barəsində X10 iş üzrə icraat aparılan şəxsin inzibati araşdırma aparılakən izahatının alınmaması,onun inzibati araşdırma aparılması üçün çağırılmaması, çıxarılmış qərarın ona verilməməsi, qərarın hansı tarixdə çıxarımasının göstərilməməsi kimi prosessual pozuntulara yol verildiyini də nəzərə alır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra Hakimiyyətinin MN ******* inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-12/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-12/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver