Məhkəmə qərarları › İş №3(042)-120/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-120/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-120/2023 13.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları onu guya xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu Salvyanka kəndi ərazisində fəaliyyət göstərən kafeyə daxil olaraq yeyib-içməklə karantin rejimi qaydalarını pozduğuna görə cərimə etmişdir. Lakin o həmin tarixdə kafedə yeyib-içməmiş, polis əməkdaşları onun izahatını almadan və ona məlumat vermədən barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək həmin protokol əsasında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onu 200 manat məbləğində cərimə etmişdir. Həmçinin cərimə olunması barədə ona heç bir məlumat verilməmişdir. Yalnız ona Gədəbəy rayon İcra və Probasiya şöbəsinə cərimənin ödənilməsi barədə dəvət olunduqdan sonra, xx.xx.2023-cü il tarixdə bu barədə məlumatı olmuşdur. Odur ki, barəsində olan qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən kafeyə daxil olub yeyib-içməklə xüsusi karantin rejimi qaydalarını pozmasına görə onun barəsində İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X3 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən kafeyə daxil olub yeyib-içməklə xüsusi karantin rejimi qaydalarını pozmasına görə Gədəbəy rayon Polis şöbəsi onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə etmişdir. B.Tağıyev həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında xüsusi karantin rejiminin pozulmasına əsas kimi B.Tağıyevin Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən kafedə yeyib-içməsi qeyd edilsə də, həmin qərarının qəbul edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda B.Tağıyevin həmin kafeyə daxil olması qeyd edilmişdir. Bu da onu göstərir ki Gədəbəy rayon Polis şöbəsinin qeyd edilən inzibati tənbeh vermə haqqında qərarı və inzibati xəta haqqında protokolu arasında ziddiyyət vardır. Həmçinin, Gədəbəy rayon Polis şöbəsindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də X2 əməlində İXM-nin 211.1-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasında 2020ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında 08 dekabr 2020-ci il qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il qərarına əsasən ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyətinin dayandırılması qərara alınmış, iş və digər xidmət sahələrinə vətəndaşların daxil olması ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Ona görə də, B.Tağıyevin qeyd edilən əməlinə görə İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Bu da onu göstərir ki, X2 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar