Məhkəmə qərarları › İş №3(042)-125/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-125/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-125/2020 06.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, Məhkəmə iclas katibi Səmədzadə Xəyal Natiq oğlunun katibliyi, Şikayət vermiş şəxs x2 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 10.09.2017-ci il tarixli, 020582 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən x2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi, polis polkovnikiMəhərrəm Quliyev tərəfindən qəbul edilmiş 10.09.2017-ci il tarixli, 020582 nömrəli inzibati tənbeh vermə haqqında qərarla x2 İXM-in 209-cu maddəsi ilə tərtib olunmuş protokola görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. x1 rayon Polis şöbəsinin 10.09.2017-ci il tarixli, 020582 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. x5 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin 10.09.2017-ci il tarixli, 020582 nömrəli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu (tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi) maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır. Belə ki, o, Gədəbəy şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyir. İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, “12.08.2017-ci il tarixdə Gədəbəy şəhəri ərazisində “Dərə-Bulaq” adlanan çayın kənarında yabanı halda bitmiş çətənə kolları aşkar olunmuşdur. Nəticədə Gədəbəy şəhər bələdiyyəsinin sədri x5 İXM-in 209-cu maddəsinin tələblərini pozmuşdur”. Lakin bildirmək istəyir ki, bu barədə ona heç vaxt məlumat verilməmişdir. Eləcə də həmin ərazi bələdiyyəyə məxsus deyil, lakin bu hal aydınlaşdırılmamışdır. Buna baxmayaraq Gədəbəy rayon Polis şöbəsi onu əsassız olaraq cərimələmişdir. Eləcə də qeyd bildirir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Odur ki, hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin 10.09.2017-ci il tarixli, 020582 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi, polis polkovnikiMəhərrəm Quliyev məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin o, üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.06.2020-ci il tarixli arayışdan görünür ki, x5 şəhər İƏD üzrə nümayəndəliyin 25 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 31-ci səhifəsində qeyd edilmişdir. İşdə olan 06.09.2017-ci il tarixli, AZA 020582 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda 12.08.2017-ci il tarixdə Gədəbəy şəhəri ərazisində “Dərə-Bulaq” adlanan çayın kənarında yabanı halda bitmiş çətənə kolları aşkar olunması göstərilmişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin keçmiş rəisi, polis polkovnikiMəhərrəm Quliyev tərəfindən qəbul edilmiş 10.09.2017-ci il tarixli, 020582 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, x2 İXM-in 209-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə şikayətə baxarkən ilk növbədə qeyd edir ki, x5 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, x1 rayon Polis şöbəsinin keçmiş rəisi, polis polkovnikiMəhərrəm Quliyev tərəfindən İXM-in 209-cu maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, x2 İXM-in 209-cu maddəsi ilə cərimə edilməsinə dair 10.09.2017-ci il tarixli, 020582 nömrəli qərar 06.09.2017-ci il tarixli, AZA 020582 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xəta haqqında protokolun surətinin x3 verilməsi barədə qeyd aparılmamış, onun nə vaxt x3 verilməsi göstərilməmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x2 iştirakını təsdiq edən heç bir qeyd aparılmamış, protokol onun tərəfindən imzalanmamışdır. x5 məhkəmə iclasında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, çağırılmamış, izahatı alınmamışdır. Buna baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs qeyd olunan xüsusatlara fikir verməmiş və inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlamadan x2 İXM-in 209-cu maddəsi ilə 400 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə, həmçinin, şikayət vermiş şəxsin əməlində İXM-in 209-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmaması ilə bağlı qeyd edir ki, x5 izahatında tərkibində narkotik maddələr olan yabanı bitkilərin bitdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olmadığını bildirmiş, bu halı aydınlaşdırmadan, yəni həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olub-olmadığını müəyyən etmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərkibində narkotik maddələr olan yabanı bitkilərin yerləşdiyi həmin ərazinin bələdiyyə mülkiyyətinə aidolamaması müəyyənləşdirilmədiyindən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməməsinə əsaslı şübhələr vardır. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla da, məhkəmə hesab edir ki, x2 əməlində İXM-in 209-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbeh vermə haqqında 10.09.2017-ci il tarixli, 020582 nömrəli qərarı ləğv edilməli və x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbeh vermə haqqında 10.09.2017-ci il tarixli, 020582 nömrəli qərarı ləğv edilsin və x2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar