Məhkəmə qərarları › İş №3(042)-127/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-127/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-127/2024 17.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə xx xxxxxx 1995-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli icra sənədində əsasən Şəxs iki hissədən ibarət, qiyməti 10000 manat Türkiyə istehsalı olan divan mebeli ; qiyməti 6000 manat, Türkiyə istehsalı olan, taxt, üçqapılı şifoner, güzgülü trümo və iki tumbadan ibarət yataq dəsti; ümumi qiyməti 2000 manat olan 12 predmetdən ibarət Çexiya xrustalından olan xörək və çay servisləri, meyvə və qənd qabıları, 12 ədəd şərbət stəkanı; qiyməti 150 manat olan tozsoran, qiyməti 200 manat olan ütü və ütü stolu və ya həmin əşyaların dəyəri olan 18350 manat; qiyməti 3000 manat olan qaşları brilyantdan, beşqaşlı ağ qızıldan olan nişan üzüyü və qiyməti 5000 manat olan üzük, boyunbağı, bilərzik və sırğalardan ibarət brilyant qaşları olan qızıl dəst və ya həmin qızıl-zinət əşyalarının qiyməti olan 8000 manat alınaraq, X1 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi icra etməmiş, barəsində axtarış elan olunmuşdur. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Borcluya və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə borclunun və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan qəbzdən görünür ki, borclu Şəxs borcundan 4000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs borcundan 4000 manat ödəniş etmişdir və qalan borcunu ödəmək niyyətindədir. Onun tərəfindən icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı müəyyən edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar