Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-128/2022 01.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasovun iştirakları ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs 8000 manat, bir baş ikiyaşlı düyə və iki baş üçyaşlı inək alınaraq, X1 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Borclu barəsində məcburi gətirilmə tətbiq edilmiş, o, polis əməkdaşları vasitəsilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu məhkəmə iclasında borcun ödənilməsi üçün vaxt istəmiş və bununla əlaqədar məhkəmə iclası təxirə salınmışdır. Lakin borclu təxirə salınmış məhkəmə iclasına gəlməmiş, məhkəmədən gizlənmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan 8000 manat, bir baş ikiyaşlı düyə və iki baş üçyaşlı inək alınaraq, X1 verilməlidir. O, hazırda işləmir və əmək haqqı almır. Ona görə də borcundan ödəniş edə bilmir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək, bildirmişdir ki, Şəxs 8000 manat, bir baş ikiyaşlı düyə və iki baş üçyaşlı inək alınaraq, ona verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, borcunu ödəməmiş, çağırışlara gəlməmiş və onun barəsində axtarış elan edilmişdir. Yəni, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini, onun barəsində axtarış və məcburi gətirilmə tətbiq edilməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 01 iyun 2022-ci il tarixdən, saat 1200-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-128/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-128/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver