Məhkəmə qərarları › İş №3(042)-130/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-130/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-130/2023 02.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş X8, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 nümayəndəsi X3 iştirakları ilə, X2 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 29 mart 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 mart 2023-cü il tarixli ******* saylı qərarının ləğv edilmıəsi haqqında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X8 şikayəti müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Mərkəzi X12 Şəxsin direktoru vəzifəsində işləyir. X21 Həkim Məntəqəsinin fəhləsi X9 01 avqust 2022-ci il tarixdən işə çıxmadığı, Rusiya Federasiyasında olduğu məlum olmuşdur. Bununla əlaqədar araşdırılma aparılması, işə çıxmamanın səbəblərinin müəyyən edilməsi üçün o, 21 noyabr 2022-ci il tarixdə Qarayevanın işdən kənarlaşdırılması barədə əmr vermişdir. Qarayeva 2022-ci ilin noyabr ayının axırlarında Azərbaycana qayıtmış, Rusiya Federasiyasına müalicə olunmaq üçün getdiyini, lakin xəstəliyini və müalicə olunmasını təsdiq edən sənədləri almaqda çətinliklərinin olduğunu, bununla belə sənədləri alıb təqdim edəcəyini bildirmişdir. 25 yanvar 2023-cü il tarixdə Qarayevadan poçt vasitəsilə sənədlər daxil olmuş, Həkim Məsləhət Komissiyasında həmin sənədlərə baxılmış və sənədlərin Qarayevanın işə çıxmadığı dövrləri əhatə etmədiyi, davamlı olmadığı, xəstəlik vərəqələri arasınd fasilələr olduğu müəyyən edilmişdir. 27 yanvar 2023-cü il tarixdə ona xəstəliyini təsdiq edən sənədlərin təqdim edilməsi üçün daha 10 gün vaxt verilmişdir. Lakin Qarayeva heç bir sənəd təqdim etməmişdir. 06 fevral 2023-cü il tarixdə Qarayeva barəsində rəy verilməsi üçün Gədəbəy Rayon Həmkarlar İttifaqı Şurasına müraciət etmişdir. Rəy 07 fevral 2023-cü il tarixdə verilmiş və o, 08 fevral 2023-cü il tarixdə Qarayeva ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Əmr vermişdir. Əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin heç bir norması pozulmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X6 Qarayeva ilə əmək müqaviləsinə pozuntunun müəyyən edildiyi vaxtdan bir aydan çox vaxt keçdikdən sonra xitam verildiyini əsas gətirərək, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozulması ilə xitam verilməsi səbəbindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 29 mart 2023-cü il tarixli qərarı ilə onu 1500 manat cərimə etmişdir. Halbuki, o, Qarayevanın işə çıxmamasının səbələrininin üzürlü olub-olmamasının müəyyən edilməsi üçün araşdırma aparmış, Qarayevanın işə üzürsüz səbəbə çıxması, yəni, onun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi 06 fevral 2023-cü il tarixdə qəti olaraq müəyyən edilmiş, 08 fevral 2023-cü il tarixdə, yəni, Qarayeva tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən iki gün sonra onunla əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 nümayəndəsi X11 şikayətin təmin edilməsinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X8 əmək qanunvericiliyinin tələblərini pozaraq, işçi Rayə Qarayeva barəsində pozuntu törədilməsi aşkar edildikdən 6 ay sonra onun haqqında intizam təhbehi verilmiş və onunla əmək müqaviləsinə xitam verilmişdir. Bununla, X8 vəzifəli şəxs kimi, əmək qanunvericililiyinin tələblərini pozmuşdur. Onun barəsinə protokol tərtib edilmiş və 29 mart 2023-cü il tarixdə o, şərti olaraq 1500 manat miqdarında cərimə ediımişdir. Qərar qanunidir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 23 mart 2023-cü il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsinə əsasən şərti olaraq 1500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. İşdə olan Gədəbəy Rayon Mərkəzi X12 Şəxsin direktorunun 21 noyabr 2022-ci il tarixli Əmrinin surətindən görünr ki, X14 01 avqust 2022-ci il tarixdən işə davam etmədiyi üçün üzürlü səbəb təqdim edənədək işdən kənarlaşdırılmışdır. İşdə olan Gədəbəy Rayon Mərkəzi X12 Şəxsi tərəfindən Rayə Qarayevaya ünvanlanmış Məktubunun surətindən görünür ki, ona 10 iş günü müddətində işə gəlmədiyi 01 avqust 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək olan müddət üçün üzürlü sənədlər təqdim etməsi təklif olunmuşdur. İşdə olan Gədəbəy Rayon Səhiyyə X7 Şurasının 07 fevarl 2023-cü il tarixli qərarının surətindən görünür ki, X9 vəzifəsindən azad edilməsinə etiraz edilməmişdir. İşdə olan Gədəbəy Rayon Mərkəzi X12 Şəxsin direktorunun 08 fevral 2023-cü il tarixli Əmrinin surətindən görünr ki, X14 ilə həmin tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 75.0-75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.1.-53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Maddənin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək;sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məcəllənin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Beləliklə, X10 Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 inzibati tənbeh verilmə haqqında 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X14 tərəfindən əmək intizamının pozulması halı, onun faktiki olaraq işə çıxmadığı vaxtdan deyil, bununla əlaqədar müvafiq araşdırlma aparıldıqdan sonra, yəni, 06 fevral 2023-cü il tarixdə qəti olaraq müəyyən edilmiş və iki gün müddətində, yəni, qanunda nəzərdə tutulmuş müddət pozuntusuna yol verilmədən onunla əmək müqaviləsinə xitam verilmişdir. Yəni, X5 tərəfindən hər hansı bir inzibati xəta əməli törədilməmişdir. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 inzibati tənbeh verilmə haqqında 29 mart 2023cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN Yanında DƏMX X1 inzibati tənbeh verilmə haqqında 29 mart 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar