Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-132/2022 04.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və tələbkar X3 iştirakları ilə, xx.xx.1960-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Gədəbəy rayon X2 müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhər Xəzər rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(003)-62/2021 saylı icra sənədinə əsasən, borclu Şəxs tələbkar X3 xeyrinə, 10 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi 02.03.2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, buna baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi borclunun adına olan avtomobil oldu aşkar edilmiş və əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Aliment borcunun ödənilməsi məqsədi ilə borclunun əmək haqqının 70 faizinin tutulması barədə qərar çıxarılmasına baxmayaraq, qərar icra edilməmişdir. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən borc əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(003)-62/2021 saylı icra sənədinə əsasən, borclu Şəxs tələbkar X3 xeyrinə, 10 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi 02.03.2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, buna baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi borclunun adına olan avtomobil oldu aşkar edilmiş və əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Aliment borcunun ödənilməsi məqsədi ilə borclunun əmək haqqının 70 faizinin tutulması barədə qərar çıxarılmasına baxmayaraq, qərar icra edilməmişdir. Borcluya 2420 manat aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Borclu 04 may 2022-ci il tarixdə borcundan 900 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(003)-62/2021 saylı icra sənədinə əsasən, ondan tələbkar X3 xeyrinə, 10 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. O, hazırki tarixdə borcundan 900 manat məbləğində ödəniş etmişdir. O, qalan 1860 manat məbləğində borcunu isə dörd ay müddətinə ödəyəcəyinə söz verir. Əks halda qanunla nəzərdə tutulmuş məsluliyyəti daşımağa razıdır. O, bu barədə məhkəməyə yazılı iltizam da təqdim etmişdir. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi S.N.Səmədzadə məhkəmə iclasında bildirdi ki, Şəxs aliment borcunundan 900 manat məbləğində ödəniş etmişdir. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində qərəzlilik yoxdur. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(003)-62/2021 saylı icra sənədinə əsasən, borclu Şəxs onun xeyrinə, 10 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hər ay borclu 200 manat aliment ödəyir. Buna baxmayaraq, borclunun 2590 manat aliment borcu yaranmışdır. Onun maddi vəziyyəti ağır olduğundan borcun ödənilməsini tələb edir. İki ay ərzində borcunu ödəyərsə, bununlada razıdır. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(003)-62/2021 saylı icra sənədinə əsasən, borclu Şəxs tələbkar X3 xeyrinə, 10 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən hər ay 200 manat ödəniş edir. Sadəcə yığılmış borcu vardır ki, bu borcunundan da 04.05.2022-ci il tarixdə 900 manat ödəniş etmişdir. Borclunun əmək haqqı və daimi iş yeri vardır. Eləcə də, borclu qalan borcunu isə dörd ay müddətində ödəyəcəyinə söz vermiş və bu barədə məhkəməyə yazılı iltizam təqdim etmişdir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-132/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-132/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver