Məhkəmə qərarları › İş №3(042)-133/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-133/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-133/2024 04.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Filiz xırdalama sahəsinin böyük mühəndisi vəzifəsində işləyən, Gədəbəy rayonu, Zəhmət kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala görə, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X6 xx.xx.2023ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Filiz xırdalama sahəsinin böyük mühəndisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən Şəxs İXM-in 198.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 08 may 2024cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Filiz xırdalama sahəsinin böyük mühəndisi vəzifəsində işləyir. Onun tərəfindən xx.xx.2023-cü il tarixdə hər gün olduğu kimi X8 və digər işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair gündəlik görəcəkləri iş barədə təlimat verilmişdir. X1 və çilingər X5 Gədəbəy kontrakt sahəsinin filiz xırdalama sahəsində Kürəli dəyirmanın (Ball mill) təmirdən sonra sökülmüş dişli çarxının qoruyucu qapaqları yağdan və tozdan yuyulması üçün yük maşınına yükləyib avtoyuma sexinə parla yuyulmaq üçün təhvil verilməsi tapşırığını vermişdir. Onlar həmin qapaqları yük maşınına yüklə avtoyuma sexinə aparmışlar. Yük maşınından qapaqların üçüncüsünü yerə düşürdən zaman X2 ayağı büdrəmiş və dizi yerə dəymişdir. Bu barədə ona məlumat verilmişdir. O, da şirkətə məxsus maşınla X9 Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Həkim tərəfindən ona ağrıkəsici vurulmuş, daha sonra Gəncə şəhər X3 müayinə və müalicə olunmaq üçün göndərilmişdir. Hadisə işçinin öz təqsiri ucabtından olub, bunu işçinin özü də bildirmişdir. Hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. O, işçilərə lazımi qaydada təlimat vermiş və görəcəkləri işlər barədə məlumat vermişdir. Onun heç bir təqsiri yoxdur. Odur ki, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Filiz xırdalama sahəsinin böyük mühəndisi vəzifəsində işləyir. Şəxs X8 və digər işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair gündəlik görəcəkləri iş barədə təlimat verilmiş, X1 və çilingər X5 Gədəbəy kontrakt sahəsinin filiz xırdalama sahəsində Kürəli dəyirmanın (Ball mill) təmirdən sonra sökülmüş dişli çarxının qoruyucu qapaqları yağdan və tozdan yuyulması üçün yük maşınına yükləyib avtoyuma sexinə parla yuyulmaq üçün təhvil verilməsi tapşırığını verilmişdir. İş zamanı bədbəxt hadisə baş vermiş və X13 xəsarət almışdır. Şəxs həmin zaman işçilərə nəzarət etmək vəzifəsi daşımışdır. Həmin zaman Şəxs nəzarətində 13 işçi olmuşdur. Şəxs tərəfindən sağlam əmək şəraiti yaradılmamışdır. Bədbəxt hadisə ilə bağlı təhqiqat aparılmış və həmin şirkətin Filiz xırdalama sahəsinin böyük mühəndisi vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmişdir. Şəxs barəsində istehsalatda baş verən bədbəxt hadisəlrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabnetinin qərarına əsasən, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax- Tovuz regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin əməyin mühafizəsi və qaydalarının yerinə yetirilməsinə, texniki təhlükəsizlik və istehsal sanitariyası (gigiyena) qaydalarına uyğun olan sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına, ətraf mühitin mühafizəsinə cavabdeh şəxs Şəxs – Filiz xırdalama sahəsinin böyük mühəndisi tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurmaya aid edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan təhqiqat aktından görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin çilingəri X6 ehtiyatsızlığım, 4.2-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin AGLfiliz üyütmə zavodu, filiz xırdalama sahəsində böyük mühəndisi Şəxs nəzarətsizliyini müəyyən etmişdir. X6 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində uçota alınmalıdır. İnzibati xəta üzrə iş materiallarında İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 08/2024 saylı aktdan görünür ki, bədbəxt hadisənini sənədləri kimi "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Şirkətin istehsalat şöbəsi AGL-filiz üyütmə zavodu çilingər vəzifə təlimatı”nın “Əsas vəzifə öhdəlikləri” bölməsinin 3-ci bəndinin (İş zamanı fərdi təhlükəsizliyin təmin etməli, bütün məcburi FMV-dən istifadə etməli); 6-ci bəndinin (Təhlükəsizlik təlimatları və prosedurlarına əməl etməli) tələblərinə əməl edilməməsi və "xxxx" Şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “AGL-filiz üyütmə zavodu, filiz xırdalama sahəsində böyük mühəndis” vəzifə təlimatının “Əsas vəzifə öhdəlikləri” bölməsinin 15-cü bəndinin (Texniki heyyət də daxil olmaqla filiz xırdalama sahəsində çalışan bütün əməkdaşların işinə nəzarət etməlidir) tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsinin 1-c hissəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Filiz xırdalama sahəsinin böyük mühəndisi vəzifəsində işləyir. Şəxs X8 və digər işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair gündəlik görəcəkləri iş barədə təlimat verilmiş, X1 və çilingər X5 Gədəbəy kontrakt sahəsinin filiz xırdalama sahəsində Kürəli dəyirmanın (Ball mill) təmirdən sonra sökülmüş dişli çarxının qoruyucu qapaqları yağdan və tozdan yuyulması üçün yük maşınına yükləyib avtoyuma sexinə parla yuyulmaq üçün təhvil verilməsi tapşırığını verilmişdir. İş zamanı bədbəxt hadisə baş vermiş və X13 xəsarət almışdır. Bədbəxt hadisə bağlı araşdırma aparılmış, araşdırma zamanı X13 ayağının büdrədiyini, hadisədən əvvəl əməyin mühafizəsi və təhlükəsizlik təlimatları aldığını, özünün fərdi təhlükəsizliyini təmin etmədiyini və öz təhlükəsizliyini qorumadığını, bunun nəticəsində xəsarət aldığını bildirmişdir. Odur ki, inzibati xəta haqqında materialla X6 bədbəxt hadisə nəticəsində xəsarət almasında əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı Şəxs təqsirinin olması müəyyən edilmir. Protokol tərtib etmiş şəxsin nümayəndəsi Şəxs baş vermiş bədbəxt hadisədə təqsirli olması barədə heç bir sübut təqdim etmədi. Eləcə də, o, Şəxs nəzarətsizliyi səbəbindən bu hadisənin törədildiyini qeyd etsə də, bu nəzarətsizliyin nədə ifadə olunmasını əsaslandıra bilməmiş, bu halı yalnız “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabnetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə əlaqələndirməyə çalışmış, lakin gətirdiyi bu dəlilləri də məhkəmə iclasında əsaslandıra bilməmişdir. Nümayəndənin özünün də bildirdiyinə görə də bədbəxt hadisənin səbəbi Rauf Quliyevin fərdi təhlükəsizliyini təmin etməməsi olmuşdur ki, bunun qarşısını almaq üçün Şəxs müəyyən edilmiş vəzifəsi və ya imkanı olması sübuta yetmir. Beləliklə, məhkəmə hesab edir ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar