Məhkəmə qərarları › İş №3(042)-135/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-135/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-135/2021 31.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X2 ƏMDK-nin 12 Saylı Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 27.03.2017-ci il tarixli və 28.03.2017-ci il tarixli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ƏMDK-nin 12 Saylı Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 27.03.2017-ci il tarixli və 28.03.2017-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ƏMDK-nin 12 Saylı Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 27.03.2017-ci il tarixli və 28.03.2017-ci il tarixli qərarları ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarlarla ayrı-ayrılıqda 1000 manat inzibati qaydada cərimə edilmişdir. Lakin o, 2017-ci il tarixdə Şəmkir rayonunun Yeni Həyat kəndində ev tikdirərkən bələdiyyədən icazə almış, ondan başqa bütün qonşuları həmin ərazidə ev tikmişlər. Həmin torpaqlar bələdiyyəyə aid olmuşdur. ƏMDKnin 12 Saylı Ərazi Şöbəsinin əməkdaşları onun evdə olmamasından istifadə edərək, ona cərimə yazmışlar. Lakin həmin cərimədən xəbəri olmamışdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan ƏMDK-nin 12 Saylı Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 27.03.2017-ci il tarixli və 28.03.2017-ci il tarixli qərarlarının surətlərindən görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən 1000 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X2 ƏMDK-nin 12 Saylı Ərazi Şöbəsinin inzibati tənbeh verilmə haqqında 27.03.2017-ci il tarixli və 28.03.2017-ci il tarixli qərarından şikayət vermişdir. Lakin həmin qərarlardan şikayətvermə müddətinin keçməsinə baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, qərarın ona nə zaman çatmasını bildirməmiş, məhkəməyə digər sübutlar təqdim etməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar