Məhkəmə qərarları › İş №3(042)-136/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-136/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-136/2021 27.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 12 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi, Mehman Həşimov tərəfindən qəbul edilmiş 12 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X3 məhkəməyə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 12 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 12.02.2021 ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. O qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, 12.02.2021 -ci il tarixdə yaşadığı evin həyətindən küçəyə çıxarkən ağzında tibbi maska olmuşdur. O, evin küçəyə açılan darvazasını qapısını bağlayarkən yanında bir maşın dayandığını görmüş və geri yola tərəf dönəndə həmin maşında iki nəfər polis əməkdaşının olduğunu görmüşdür. Sağ qabaq oturacaqda əyləşmiş polis əməkdaşı maşının pəncərəsini aşağı endirərək ondan “niyə tibbi maska taxmamısan? - deyə soruşmuşdur. Halbuki həmin vaxt tibbi maska onun ağzında olmuşdur. Polis əməkdaşı ona tibbi maskadan istifadə etmədiyinə görə cərimə yazacağını bildirmişdir. O, isə polis əməkdaşına etirazını bildirmiş və heç bir inzibati xəta törətmədiyini demişdir. Həmin vaxt o heç bir sənədə imza etməmiş, polis əməkdaşı ona heç bir rəsmi sənəd təqdim etməmişdir. Həmçinin, polis əməkdaşı ona bildirmişdir ki: “Narahat olma, plan doldurmalıyam, mənim dörd qardaşım var, onlara da cərimə yazıram, heç bir sistemə oturmur, sadəcə hər gün 12 cərimə yazaraq planı doldurmağım bnarədə mənə tapşırıq verilmişdir". Bundan sonra da cərimə olunmağı barədə ona heç bir məlumat verilməmişdir. Yalnız 03 may 2021 -ci il tarixdə ona Gədəbəy rayon icra və probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra bu barədə məlumatı olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbəri olmamış və barəsində əsassız protokol tərtib edilmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan 12.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 12.02.2021-ci il tarixdə tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozmuşdur. İşdə olan Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi tərəfindən qəbul edilmiş 12 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli qərarına əsasən;

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, X2 barəsində inzibati tənbeh verilməsi haqqında qərarın olmasından xəbəri olmamış, qərardan 29 mart 2021-ci il tarixdə xəbəri olmuşdur. Odur ki, X2 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 12.02.2021-ci il tarixdə tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozmasına görə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi onu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə etmişdir. X1 həmin vaxt tibbi maskadan istifadə etmişdir. Buna baxmayaraq X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6cı Polis Bölməsi tərəfindən İXM-in 211.2-ci maddəsi ilə tərtib edilmiş 12.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda X3 12.02.2021-ci il tarixdə tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozması göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, X3 həmin vaxt tibbi maskadan istifadə etmiş, lakin tibbi maska tam olaraq taxılı vəziyyətdə olmamışdır. Həmin vaxt X2 tibbi maskası tam olaraq taxılı vəziyyətdə olmaması onun tibbi maskada istifadə etməməsi kimi qiymətləndirilmiş və həmçinin onun hərəkət və ya hərəkətsizliyi araşdırılmadan barəsində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Eləcə də protokol və qərarın surəti E.Cavadzadəyə verilməmiş, onun inzibati xəta haqqında izahatı alınmamış, hüquqları pozulmaqla iştirakı olmadan protokol, onun əsasında isə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsi üçün tək əsas və sübut qeyd edilən inzibati xəta haqqında protokol olmuşdur ki, həmin protokol da barəsində icraat aparılan şəxs E.Cavadzadənin hüquqlarının kobud şəkildə pozulması ilə tərtib edilmişdir. Bu da onu göstərir ki, X2 əməlində İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati tənbehin verilməsi haqqında 12 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X2 şikayəti təmin edilsin. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati tənbehin verilməsi haqqında 12 fevral 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar