Məhkəmə qərarları › İş №3(042)-136/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-136/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-136/2023 26.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 ilə, xx.xx.1975-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində Nəriman adlı şəxsin çayxanasında Şəxs qumar oyununda iştirak etməklə qumar oynaması faktının aşkar edilməsi ilə bağlı Gədəbəy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında tərtib edilmiş və protokol toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Həmin kənddə yerləşən çayxanada asudə vaxtlarının keçirilməsi məqsədi ilə çayın pulunun dəyərindən dörd nəfər kart oyunu oynamışlar. Həmin zaman kart oynamalarında məqsəd qazanc əldə etmək yox, asudə vaxtlarının keçirilməsi olmuşdur. Bu vaxt polis əməkdaşları ora daxil olmuş, çayın pulunun verilməsi məqsədi ilə yığılmış 2.60 manat pulu götürmüşlər və onları polis şöbəsinə dəvət edərək barələrində protokol tərtib etmişlər. Maddi imkanı aşağıdır. Himayəsində iki uşağı vardır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs qumar oyununda iştirak etsə də, onun niyyəti qazanc əldə etmək olmamış, sadəcə asudə vaxtlarının keçirilməsi olmuşdur. Ona görə də, bunun məhkəmə tərəfindən nəzərə alınması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2023-cü il tarixli qərardan görünür ki, 01 mart 2023-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri X6, X12, Şəxs və X5 yaşadıqları kənd ərazisində Nəriman Mustafayevin işlətdiyi çayxanada qumar oyununda iştirak etmişlər, yəni qumar oynamışlar, ona görə də, barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarının surətinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru Əhməd Xəlilov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndi ərazisində Nəriman adlı şəxsin çayxanasında Şəxs qumar oyununda iştirak etməklə qumar oynaması göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları – Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən çayxanaya daxil olmuşlar, orada X3, X7, Şəxs və X2 qumar oynamaları aşkar edilmiş və masanın üstündə olan 36 ədəd kartı və 2 manat kağız pul və 60 qəpik dəmir pul əskinaslarını götürərək hər dörd şəxsi Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları 36 ədəd oyun kartı və 2 manat kağız pul və 60 qəpik dəmir pul əskinaslarını götürərkən hal şahidlərinin iştirakını təmin etməmişlər. İXM-in 69.1-ci maddəsinə əsasən, işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi, əşyaları və sənədləri götürmə zamanı hal şahidlərinin iştirakı məcburi olduğu halda inzibati xəta hadisəsini aşkar etmiş polis əməkdaşları qanunvericiliyin bu tələbini pozmuşdur. Bu hal isə Şəxs təqsirli olmasını şübhə altına alır. İXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs həmin vaxt qumar oynaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun inzibati xətanı törətməsi digər (qanunla nəzərdə tutulmayan) sübut vasitələri ilə təsdiq edilə bilməz. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Eləcə də, Şəxs qeyd edilən çayxanadan qumar oyununda iştirak etməsinə baxmayaraq, onun qumar oyununda iştirak etməsində niyyəti qazanc əldə etməsi yox, asudə vaxtlarının keçirilməsi məqsədi daşımışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gəlinə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar