Məhkəmə qərarları › İş №3(042)-138/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-138/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-138/2023 17.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, 15 avqust 1991-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-cı il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşağa görə 160 manat miqdarında aliment alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 23 sentyabr 2022-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmiş, hazırkı vaxta qədər heç bir aliment ödənişi etməmiş, 1920 manat aliment borcu yaranmışdır. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, ondan izahat alınmış, izahatında ona azyaşlı uşağı ilə görüşmək imkanı yaradılmadığını, aliment ödəmək imkanlarının olmadığını, aliment ödəmyəcəyini bildirmişdir. Borclu hazırda da aliment borcundan heç bir ödəniş etməmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, bu vaxta qədər aliment ödəməmişdir. Tələbkar ona uşaqla görüşmək imkanı yaratmır. Onun aliment ödəmək imkanları yoxdur və aliment ödəməyəcəkdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək, bildirmişdir ki, borclu bu vaxta qədər aliment ödəməmişdir. O, azyaşlı uşağı saxlamaqda çətinlik çəkir. Ona görə də borcluya qanunda nəzərdə tutulmuş ən ağır tənbehin verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Musayev X1 Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, onun aliment ödəmək və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək niyyətinin olmamasını, işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 17 aprel 2023-cü il tarixdən, saat 15-45 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar