Məhkəmə qərarları › İş №3(042)-141/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-141/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-141/2023 28.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Səbail rayon Polis İdarəsinin 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət və ona əlavə olunmuş materiallardan görünür ki, Səbail rayon Polis İdarəsinin rəisi, Mehman Həşimov tərəfindən qəbul edilmiş 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 məhkəməyə Səbail rayon Polis İdarəsinin 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Səbail rayon Polis İdarəsinin əməkdaşları onu ona görə cərimələmişlər ki, guya xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 19-da karantin rejimi qaydalarını pozmuşdur. Həmin tarixdə işdən çıxıb başqa işə gedərkən polis əməkdaşları ona yaxınlaşıb adını və soyadını soruşmuş, həmin vaxt onun şəxsiyyət vəsiqəsi dəyişdirmək üçün ASAN xidmətdə olmuşdur. O, işdən çıxsa da, adının 3-4 gün portalda qalacağını bildirmişlər. O, karantin qaydalarını pozmamışdır. Polis əməkdaşları onun izahatını almadan və ona məlumat vermədən barəsində İXM-in 211.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onu 200 manat məbləğində cərimə etmişdir. Cərimə olunması barədə ona heç bir məlumat verilməmişdir. Yalnız Gədəbəy rayon İcra və Probasiya şöbəsinə dəvət olunduqdan sonra, xx.xx.2023-cü il tarixdə bu barədə məlumatı olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbəri olmamış və barəsində əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Sözügedən inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol ona rəsmi qaydada göndərilməmiş, qərar icraya yönəldikdən və Gədəbəy rayon icra və Probasiya şöbəsindən o şöbəyə dəvət olunduqdan sonra xx.xx.2023-cü il tarixdə qərarın və protokolun kserosurətini əldə edərək barəsində belə bir cərimə qərarının olmasını bilmişdir. Ona görə də qərardan indi şikayət verməli olmuşdur. Bunu nəzərə alaraq qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə saat 09:30-da Zərifə Əliyeva küçəsi 19da karantin qaydalarını pozmuşdur. İşdə olan Səbail rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə qeyd edir ki, X2 barəsində inzibati tənbeh verilməsi haqqında qərarın olmasından xəbəri olmamış, qərardan xx.xx.2023-cü il tarixdə xəbəri olmuşdur. Odur ki, X2 barəsində olan inzibati tənbeh verilməsi haqqında qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməlidir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Səbail rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X1 qaydalarını pozmasına görə İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə qeyd edir ki, X2 barəsində tərtib edilmiş protokola və qəbul edilmiş qərara əsasən onun karantin qaydalarını pozması qeyd edilməklə inzibati qaydada cərimə edilməsinə baxmayaraq, həmin protokolda və qərarda X2 hansı hərəkətlərə yol verilməsi və bu hərəkətlərin karantin qaydalarının pozulması hesab edilib-edilməməsi, bununla da inzibati xətanın mahiyyəti göstərilməmiş, Ə.Əsgərovun izahatı alınmamış, onun əməlində inzibati xəta hadisəsinin olub-olmaması araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, Səbail rayon Polis İdarəsindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də Ə.Əsgərovun əməlində İXM-nin 211.1-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, məhkəmə şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. Bu da onu göstərir ki, X2 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Səbail rayon Polis İdarəsinin inzibati tənbehin verilməsi haqqında 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Səbail rayon Polis İdarəsinin inzibati tənbehin verilməsi haqqında 26 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar