Məhkəmə qərarları › İş №3(042)-145/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-145/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-145/2023 27.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmişlər Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və X1 iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Daryurd kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 17 iyun 2022-cı il tarixli icra sənədinə əsasən azyaşlı uşaqların saxlanılması üçün Şəxs cəmi, 330 manat aliment alınaraq X2 verilməlidir. İcra sənədi 04 avqust 2022-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmiş, hazırkı vaxta qədər aliment ödənişi etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Şəxs oğlu qərarın icrası ilə əlaqədar Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, lakin o, Şöbəyə gəlməmiş və onun barəsində axtarış elan edilmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, xəstədir, onda əlillik var. Heç yerdə işləmir. Vaxt verilərsə borcundan 300 manat ödəyər. Məhkəmə iclasında zərərçəkmiş X3 izahat verərək bildirmişdir ki, Şəxs xəstəlyi və heç bir əlilliyi yoxdur. O, bu vaxta qədər cəmi, 450 manat aliment ödəmişdir. Hazırda 3610 manat aliment borcu yaranmışdır. Onun barəsində qanunda nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. İşdə olan 16 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, X4 barəsində axtarış elan edilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Şəxs əlilliyin olması barədə məlumat yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bələliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra məmurunun çağırışlarına gəlməmiş,onun barəsində axtarış elan edilmişdir. Yəni, o, icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də onun barəsində inzibati təhbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 27 aprel 2023-cü il tarixdən, saat 1255-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar