Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-145/2024 24.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X9, X11 və X3 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Söyüdlü kənd sakini Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 157, 535.1-ci və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəmyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmadalı oğlu izahat verərək bildirmişdir ki, X8 ərizəsi əsasında guya onun X5 döyməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılmış, əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, lakin onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. O, Ülkər Həsənovanı döyməmişdir. 24 may 2024-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı Murad Yusifov onun evinə gəlmiş, izahat verməsi üçün onu şöbəyə gəlməsini bildirmişdir. Həmin vaxt o, qoyun otarmışdır və qoyunları yığıb evinə tərəf gəlməyə başlamış, Məhər Əsgərovun evinin yanında keçəndə, Məhər Əsgərov və Namiq Həşimov onun söymüş, yaba ilə vurmağa çalışmışlar. Yaranmış səs-küyə polis əməkdaşı da ora gəlmiş və onları aralamışdır. O, qanun pozuntusuna yol verməmişdir. Ona görə də icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, o,Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. 27 aprel 2024-cü il tarixdə Fikrət onun yaşadığı ünvana gələrək, atını başqa yerə bağlamağı tələb etmişdir. 28 aprel 2024-cü il tarixdə isə Fikrət özünə məxsus heyvanları onların biçənək sahəsinə salmış, qaynanası Ülkər Həsənova bunu görüb ona irad bildirmiş, Fikrət təpiklə qaynaanasını qarnından vurmuşdur. Həmin gün qaynaanası ona zəng edərək Fikrət tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra o, hadisə barədə DİN-nin 102 Xidmətinə məlumat vermişdir. 24 may 2024-cü il tarixdə saat 11 radələrində Fikrət qoyunları ilə onun yaşadığı evin yanından keçərkən, onu və ailə üzvlərini nalayiq söyüşlərlə söymüş, onu sakitləşdirməyə çalışan polis əməkdaşını da təhqir etmiş, onu hədələmişdir. Ona görə də onun barəsində inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, o, Gədəbəy RPŞ-nin X2 sahə rəisi vəzifəsində işləyir. Fikrətin Məhəri söyməsi və Ülkəri döyməsi ilə əlaqədar DİN-nin 102 Xidmətinə şikayət olunmuşdur. Daha sonra araşdırılma aparılmış Fikrətin əməlindən cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə əlaqədar icraat başlanılmışdır. O, iş üzrə qərar çıxarmaq üçün Fikrəti dəfələrlə Gədəbəy RPŞ-ə çağırmış, lakin o, gəlməmişdir. 24 may 2024-cü il tarixdə o, Fikrətin yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndinə getmiş, ona zəng edib şöbəyə gəlməsini bildirmişdir. Fikrət qoyunların yanında olduğunu deyib, evə gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra o, digər zərərçəkmişlərin yaşadığı evin yaxınlığında səs-küy eşitmiş, görmüşdür ki, Fikrət zərərçəkmişləri nalayiq söyüşlərlə söyür. O, hadisə yerinə gəlib mübahisə edənləri ayırmışdır. Fikrət isə onu da nalayiq söyüşlərlə söymüş, telefonla zəng edib “banditlərin” polislə birlikdə ona hücum etdiklərini bildirmiş, köməyə çağırmışdır. Bundan sonra, onun əlindən maşının açarını almış, onu hədələmişdir. Ona görə də onun barəsində qanunauyğun qərar çıxarılmasını xahiş edir. İşdə olan 10 may 2024-cü il tarixli qərardan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kənd sakini X4 qonşusu Şəxs Əhmadalı oğlu tərəfindən döyməsi faktı üzrə İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmılmışdır. İşdə olan 06 may 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir,barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmin qərardan o da görünür ki, Şəxs Ülkər Həsənovanı döymədiyini bildirmişdir. İş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Ülkər Həsənovanın bədənində xəsarət aşkar edilməmişdir. İşdə olan 24 may 2024-cü il tarixli inzibati qaydada tutulma protokolundan görünür ki, Şəxs 24 may 2024-cü il tarixdə, saat 1452-də tutulmuşdur. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 157, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, zərərçəkmişləri nalayiq söyüşlərlə söymüş və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Bununla belə, Şəxs Ülkəri döyməsi halı sübut edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan icraata xitam verilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-145/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-145/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver