Məhkəmə qərarları › İş №3(042)-147/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-147/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-147/2023 28.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Gədəbəy rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, şirkətdə sürücü vəzifəsində işləyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-811/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X1 3000 manat məbləğində pul alınıb 1500 manatı iddiaçı X6, 1500 manatı isə iddiaçı X8 verilməlidir. İcra sənəd xx.xx.2022-ci il tarixli Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X5 izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-811/2022 saylı qətnaməsinə əsasən, ondan 3000 manat məbləğində pul alınıb 1500 manatı iddiaçı X6, 1500 manatı isə iddiaçı X8 verilməlidir. O, tələbkarlara 4500 manat məbləğində avtomobil satmışdır. Onlar həmin avtomobilin 3000 manatını versələr də, qalan pulu vermişlər. Tələbkarlar hazırda ona verdikləri 3000 manatı tələb etsələr də, ona məxsus avtomobili qaytarmamışlar. O, şirkətdə sürücü işləyir. Ayda 560 manat məbləğində əmək haqqı alır. Həmin avtomobili satıb tələbkarlara olan borcunu ödəyəcəkdir. Avtomobili sata bilməsə isə icra sənədi üzrə hər ay əmək haqqından ödəniş edəcəyinə söz verir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-811/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X1 3000 manat məbləğində pul alınıb 1500 manatı iddiaçı X6, 1500 manatı isə iddiaçı X8 verilməlidir. İcra sənəd xx.xx.2022-ci il tarixli Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Qeyd edilən avtomobil borclunun adına deyildir. Borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Müdafiəçi S.N.Səmədzadə məhkəmə iclasında bildirdi ki, borclu icra sənədi üzrə borcundan hər ay əmək haqqından ödənişlər edəcəyininə söz verir. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində qərəzlilik yoxdur. Odur ki, iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxır. X3 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-811/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X1 3000 manat məbləğində pul alınıb 1500 manatı iddiaçı ona, 1500 manatı isə iddiaçı X8 verilməlidir. Borclu ona olan borcundan heç bir ödəniş etməmişdir. Odur ki, icra sənədi üzrə ona olan borcunun ödənilməsini istəyir. X4 məhkəmə iclasında digər X3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 811/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X1 3000 manat məbləğində pul alınıb 1500 manatı iddiaçı X6, 1500 manatı isə iddiaçı X8 verilməlidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu avtomobilini satıb tələbkarlara olan borcunu ödəyəcəyini, əks halda isə icra sənədi üzrə borcundan hər ay əmək haqqından ödəniş edəcəyinə söz verir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar