Məhkəmə qərarları › İş №3(042)-148/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-148/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-148/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X3 və X9 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X16” MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, S.Vurğun küçəsində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, “X16” MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyir. Sərəncama əsasən qanunsuz küçə satışı ilə əlaqədar birgə manitorinq keçirirlər. O, xx.xx.2024-cü il tarixdə çay içib gələrkən küçə satışı ilə məşğul olan adını sonradan bildiyi Sənubər Xudaverdiyevanın vedrəsinə ayağı ilişib yıxılmış, bu zaman həmin qadın ona qarşı nalayiq söyüşlər söyməyə baxşlamış və DİN-nin 102 xidmətinə ondan şikayət etmişdir. O, Sənubər Xudaverdiyevadan satışa çıxardığı göy-göyərtiləri götürməsini tələb etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı qərəzçilik vardır. Özünü təqsirli bilmir. Həmin vaxt içkili vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs X2 üzr istəyir. Ona cərimə inzibati tənbehinin təyin edilməsini xahiş edir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayır. Gədəbəy şəhərinin mərkəzində, “kənd dayanacağı” adlanan yerdə bitki satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə adını sonradan bildiyi Şəxs ona yaxınlaşaraq satdığı bitkiləri yığışdırmasını tələb etmiş və ona “namuslu qadın burda pencər satmaz”, “sən fahişəsən, mən səni neçə vaxtdı otarıram”, “mən Fəqaniyəm ey!, mənim orderlərim var” deyərək onu təhqir etmişdir. Buna görə onların arasında mübahisə yaranmış və polis əməkdaşları oraya gələrək onları Gədəbəy RPŞ-nə aparmışdır. O, Şəxs şikayətçidir və barəsində tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində, dairəyə yaxın ərazidə xidmətdə olan zaman saat 16:00 radələrində “kənd dayanacağı” adlanan yerdə Şəxs Gədəbəy rayonu, Söyüdlü kənd sakini X3 ünvanına nalayiq ifadələr işlətdiyini görüb, həmin yerə yaxınlaşmışdır. O, Şəxs nizam-intizama dəvət etsə də, sonuncu öz hərəkətlərini təxminən 5-10 dəqiqə davam etdirib onun qanuni tələbinə qəsdən tabe olmamışdır. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Əlinağılar kəndində qeydiyyatda olmaqla yaşayır. Gədəbəy şəhərinin mərkəzində, “kənd dayanacağı” adlanan yerdə bitki satışı ilə məşğul olur. X1 da onların yanında bitki satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə “kənd dayanacağı”-da olan zaman Şəxs kafedən çıxıb gələn zaman ayağı bitki olan vedirəyə ilişmiş və həmin məhsulların yığışdırılmasını tələb etmişdir. Şəxs S.Xudaverdiyevaya qarşı “namuslu qadın burda pencər satmaz” deyərək sonuncunu təhqir etmiş və bundan sonra onlar bir-biri ilə mübahisə etməyə başlamışdır. Bu zaman polis əməkdaşları oraya gələrək onları Gədəbəy RPŞ-nə aparmışdır. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, S.Vurğun küçəsində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan alkotestrlə yoxlamanın nəticəsi olan vərəqdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-397/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinməsi və ona 200 manat cərimə növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy şəhəri, S.Vurğun küçəsində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, şahid ifadəsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsindən bir il müddət keçmədən təkrarən eyni əməli törətməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs inzibati tənbehi təyin edilsin. İnzibati həbs müddətinin əvvəli 28 may 2024-cü il tarix, saat 18:20-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar