Məhkəmə qərarları › İş №3(042)-149/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-149/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-149/2022 16.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonu, Yaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-776/2016 qətnaməsinə əsasən, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi, 200 manat miqdarında aliment alınaraq, X5 verilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Aliment borcunun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-776/2016 qətnaməsinə əsasən, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 100 manat, cəmi, 200 manat miqdarında aliment alınaraq, X5 verilməlidir. O, 31 may 2022-ci il tarixdədək ona aliment borcundan 500 manat ödənilməsi üçün vaxt verilmiş, lakin borcu ödəyə bilmədiyinə görə məhkəməyə gəlməmişdir. Aliment öhdəliyindən hazırda 700 manat ödəmişdir. Qalan borcu da hissəhissə ödəməyə söz verir. X1 məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-776/2016 qətnaməsinə əsasən, xx.xx.2011-ci il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 100 manat, cəmi, 200 manat miqdarında aliment alınaraq, X5 verilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Aliment borcunun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclunun 1800 manat məbləğində aliment borcu yığılmışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Əgər borclu bildirdiyinə görə 700 manat ödənilibsə yenə də 1100 manat məbləğində aliment öhdəliyi icra edilməmişdir. Borclu nizam intizamlı deyil icra şöbəsinin tələblərinə tabe olmur. Tələbkar hər həftə icra şöbəsinə gələrək, icra sənədinin tam icra edilməsini tələb edir, əks halda borclu barəsində ciddi tədbir görülməsini xahiş edir. Borclu hər dəfə icra sənədinin icra edəcəyinə söz verərək, vaxt istəyir sonra icra şöbəsinə və məhkəməyə gəlmir, axtarış verdiokdən sonra aliment borcundan qismən ödəniş aparmaqla qərəzli olaraq, icra məmurunun qanuni tələblərinə tabe olmur. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Kazımov X8 rayon İcra və Probasiya şöbəsinə daxil olmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)- 776/2016 icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs icra məmurunun qanuni göstərişlərinə əməl etmir, icra şöbəsinə dəvət olunduğu vaxt gəlmir, müxtəlif vaxtlarda barəsində axtarış elan olunduqdan sonra icra şöbəsinə gətirilir. Hətta məhkəmənin icraatında onun barəsində inzibati xəta haqqında protokola baxıldıqda belə ədalət mühakiməsini yayındırmaq üçün icra sənədinin icrasına vaxt istəmiş, məhkəmə tərəfindən ona vaxt verilmiş, müəyyən edilmiş vaxtda məhkəməyə gəlməmiş, icra icraatı dayandırılaraq barəsində axtarış verilmişdir. O, axtarış nəticəsində təkrarən məhkəməyə gətirilmişdir. Məhkəmə barəsində icraat aparılan şəxsin icra sənədini qismən icra etməsinə münasibət bildirərək, belə qənaətə gəlir ki, bu hal onun inzibati məsuliyyətdən yaxa qurtarmaq niyyəti kimi qiymətləndirilməlidir. Belə ki, barəsində icraat aparılan şəxs axtarış verildiyi vaxtdan keçən müddət ərzində yalnız təyin edilmiş aliment məbləğini ödəmiş, icra sənədi üzrə ödənilmədən yığılıb qalmış aliment məbləği isə təkrarən ödənilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 16 avqust 2022-ci il tarixdən, saat 10:45dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar