Məhkəmə qərarları › İş №3(042)-15/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-15/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-15/2022 25.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun müdafiəçisi X1 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1979-cu ildə Gədəbəy rayonunun İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonunun Miskinli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs hər ay 340 manat aliment alınaraq, X3 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, lakin imtina etmiş, yalnız 25 yanvar 2021-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Ona görə də, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan hər ay 340 manat aliment alınaraq, X3 verilməlidir. O, borcundan hər ay ödənişlər edir. Ona görə də, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 eyniməzmunlu izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Vəliyev X4 Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini əsassız bəhanələrlə yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar