Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-155/2023 02.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Gədəbəy rayonu, Zəhmət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Zəhmətkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-1020/2020 saylı qətnaməsinə əsasən, cavabdeh Şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq, 01 sentyabr 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq iddiaçı X4 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-1020/2020 saylı qətnaməsinə əsasən, ondan 26 oktyabr 2020-ci il tarixdən başlayaraq, 01 sentyabr 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq iddiaçı X4 verilməlidir. 2021-ci ilin mart ayınadək 280 manat ödəniş etmişdir. Sonra 2021ci ilin mart ayından işləmək üçün Rusiya Federasiyasının Çelyabinski şəhərinə getmişdir. O, vaxtdan paltar satışı mağazasında satıcı işləmiş, hər ay 20000 rus rublu, Azərbaycan manatı ilə 400 manat aylıq almışdır. Həmin puldan aliment ödənişi üçün heç bir ödəniş aparmamışdır. Bunun səbəbi qohumlarının xəstə olması ilə əlaqədar lazım olan xərclərin onun tərəfindən çəkilməsi olmuşdur. 2023-cü ilin mart ayında Rusiya Federasiyasından qayıtmışdır. Bu gün aliment ödənişindən 400 manat edə bilər. İş tapıb hər ay aliment öhdəliyini yerinə yetirməyə söz verir. Şahid Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-1020/2020 saylı qətnaməsinə əsasən, cavabdeh Şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq, 01 sentyabr 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq iddiaçı X4 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu cəmi 280 manat ödəniş etmiş, 2021-ci ilin mart ayından Rusiya Federasiyasına getmişdir. 2023-cü ilin martında Rusiya Federasiyasından qayıdarkən gömrükdə saxlanılmış, axtarışda olduğu ona bildirilmişdir. Borclu həmin vaxt yalan danışaraq buraxılmasını və könüllü olaraq polisə gedəcəyini bildirmiş və bu barədə iltizam vermişdir. Buna baxmayaraq o polisə gəlməmişdir. Bu gün Gədəbəy rayon Polis şöbəsində məcburi olaraq icra şöbəsinə gətirilmişdir. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-1020/2020 saylı qətnaməsinə əsasən, cavabdeh Şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq, 01 sentyabr 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq ona verilməlidir. Borclu cəmi 280 manat ödəniş etmiş, 2021-ci ilin mart ayından qaçaraq Rusiya Federasiyasına getmişdir. O vaxtdan borclu onunla və uşağı ilə əlaqə saxlamamış, heç bir aliment ödənişi etməmişdir. 2023-cü ilin mart ayında gəlməsinə baxmayaraq barəsində barəsində protokol tərtib ediləndən sonra 400 manat ödəniş etmək istəyir. O, bununla razılaşmır. İki ildən artır müddətində uşağı təkbaşına saxlamışdır. Yığılan borcun heç olmasa yarısının ödənilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-1020/2020 saylı icra sənədlərini üzrsüz icra etmir və icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə görə gətirdiyi arqumentləri, yəni ilkin 400 manat ödəniş etməsini, sonra hər ay aliment borcunu ödəyəcəyi barədə bildirdiklərini az inandırıcı, heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlər inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarların icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 02 may 2023-cü il tarixdən, saat 17:00dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-155/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-155/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver