Məhkəmə qərarları › İş №3(042)-159/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-159/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-159/2021 15.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X1, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X3 və X7 iştirakları ilə, X4 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 30.10.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 30.10.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 oktyabr 2020-ci il tarixli, MN ******* saylı qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə edilmişdir. Hadisə zamanı Gədəbəy rayonunun Govdu adlanan ərazisində özünə məxsus pay torpaq sahəsində qoyun otaran zaman həmin idarənin əməkdaşları ona yaxınlaşmış və bildirmişlər ki, orada qoyun otarmaq olmaz. Lakin orada ona inzibati cərimə yazmamışlar. Lakin sonradan icra məmuru Səbuhi Hüseynov onu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət etmiş və ona 05.06.2021-ci il tarixdə məlum olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi barəmdə 400 manat cərimə tətbiq edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, X4 hadisə zamanı meşə ərazisində heyvanları otarmış, bu barədə şəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Ona görə də şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş edir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında eyniməzmunlu izahat verərək, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını və işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 30.10.2020-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə əsasən 400 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında X1 heyvanlarının otarıldığı yerin meşə sahəsinin ərazisinin olub-olmaması müəyyənləşdirmək mümkün olmamışdır. X2 inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər həmin protokola meşə massivinin sxemini əlavə etməmiş, onun konkret hansı ərazidə meşə massivinə zərər vurması qeyd edilməmişdir. Məhkəmə bunları nəzərə alaraq, qeyd edir ki, bütün şübhələr şikayət vermiş şəxsin xeyrinə həll edilməlidir. Ona görə də şikayət təmin edilməli, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 30.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh verilmə haqqında 30.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar tərəflərə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar