Məhkəmə qərarları › İş №3(042)-161/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-161/2021

19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-161/2021 19.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X4 və X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 17.06.2021-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 17.06.2021-ci il tarixdə sərxoş vəziyyətdə yaşadığı evdə ailə üzvləri ilə mübahisə etmişdir. Bundan sonra anası evə polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları gələrək onu sakitləşdirmək istəsələr də aralarında mübahisə baş vermişdir. Lakin sərxoş olduğu üçün polis əməkdaşlarına dediyi sözləri xatırlamır. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil eyniməzmunlu izahat verərək, Şəxs barəsində daha yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 17.06.2021-ci il tarixdə sərxoş vəziyyətdə yaşadığı evdə ailə üzvləri ilə mübahisə etmişdir. Bundan sonra Şəxs anası evə polis əməkdaşlarını çağırmışdır. Lakin o, sərxoş olduğundan onları və digər polis əməkdaşlarını da nalayiq söyüşlərlə söymüşdür. Bundan sonra Şəxs Gədəbəy Rayon Polis Şöbəsinə gətirilmiş və o, Şöbədə də əməkdaşlara qarşı nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini pozmuşdur. Ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında 17.06.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 17.06.2021-ci il tarixdə ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan X2 protokoldan görünür ki, Şəxs 17.06.2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İşdə olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17.06.2021ci il tarixdə saat 21:10-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallarddır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını və təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs 17.06.2021-ci il tarixdə sərxoş vəziyyətdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, bu əməli sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 17.06.2021-ci il tarixdən, saat 2110-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar