Məhkəmə qərarları › İş №3(042)-165/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-165/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-165/2020 13.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Mansır oğlunun iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonunun Ramana qəsəbəsi, Q.Qarayev küçəsi, 9A ünvanında yaşayan Şəxs Mansır oğlu barəsində Gədəbəy Rayon Polis Şöbəsinin X4 Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Mansır oğlunun barəsində xx xxxxxx 2020-ci il tarixdə karantin rejiminin pozulması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Mansır oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə oğlu X2 nişan mərasimi keçirmək istəmişdir. Bu zaman polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Etdiyi əməldən peşmandır. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid X1 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydalarını pozaraq, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, oğlu üçün nişan mərasimi keçirmək istəmişdir. Bu zaman o və digər polis əməkdaşları onların bu cəhdinin qarşısını almışlar. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mansır oğlu xx xxxxxx 2020-ci il tarixdə karantin rejiminin pozulması ilə əlaqədar barəsində inzibati protokol tərtib edilmişdir. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs Mansır oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 20:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Mansır oğlu xx.xx.2020-ci il tarixdə oğlu üçün nişan mərasimi təşkil etmiş, bununla da karantin rejimi qaydalarını pozmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mansır oğlunun şəxsiyyətini, törətdiyi əməldən səmimi peşimanlığını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Mansır oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 200 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar