Məhkəmə qərarları › İş №3(042)-165/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-165/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-165/2023 11.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. 10 may 2023-cü il tarixdə yeməkxanada üç nəfər yemək yemişlər və spirtli içki qəbul etmişdir. Daha sonra yaşadığı evə qayıtmışdır. İçkili olduğuna görə olan hadisələr yadından çıxmışdır. DİN-nin 102 xidmətinə heyvanlarının itməsi ilə bağlı məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onu izahat verməsi üçün Gədəbəy RPŞ-nə dəvət edilmişdir. O, polis əməkdaşlarına qarşı heç bir qeyri-etik ifadə işlətməmişdir. Ola bilsin ki, içkili olduğuna görə ucadan danışmışdır. Əməlindən səmimi peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcədir. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 10 may 2023-cü il tarixdə növbətçi hissədə xidmətdə olmuşdur. Şəxs həmin tarixdə DİN-nin 102 xidmətinə zəng vurduğuna görə sahə rəisi Nəsimi Əliyev tərəfindən Gədəbəy RPŞ-nə gətirilmiş və şəxs polis şöbəsində olan zaman içkili vəziyyətdə səs-küy salmağa bağlamış, lakin onlara qarşı hər hansı qeyri-etik ifadə işlətməmişdir. X2 məhkəmə iclasında X3 eyni məzmunli izahat verdi. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin İTB-nin sahəsi rəisi vəzifəsində işləyir. Şəxs 10 may 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək heyvanlarının itməsi barədə məlumat vermişdir. Onlar məlumatla bağlı şəxsin yaşadığı Gədəbəy rayonu, Düzyurd kəndinə getmişlər. Şəxs 16 baş heyvanın oğurlanmasını bildirmiş, lakin, onun arvadı isə onların 16 baş heyvanlarının olmadığını şəxsin içkili olduğuna görə yalan danışdığını bildirmişdir. Onlar Şəxs izahatının alınması üçün Gədəbəy RPŞ-nə gətirmişlər. Şöbədə aparılan müayinə zamanı Şəxs içkili olduğu müəyyən edilmişdir. Şəxs polis şöbəsində olarkən ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. X1 məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 10 may 2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Nəsimi Əliyev tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 10 may 2023-cü il tarixdə, saat 19:27 radələrində sərxoş olmuşdur. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq Şəxs polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Eləcə də, iş üzrə şahidlərin-polis əməkdaşlarının izahatları ilə şəxsin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması müəyyən edilmir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:27 radələrində Gədəbəy RPŞ-nin inzibati binasında sərxoş vəziyyətdə nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuşdur. Bu fakt barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin etiraf edici izahatı, şahidlərin ifadəsi, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin, Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar