Məhkəmə qərarları › İş №3(042)-165/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-165/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-165/2024 11.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2, X4, X3 və X1 iştirakları ilə xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Maarif kənd sakini Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 11 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Maarif kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 10 iyun 2024-cü il tarixdə o spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə ailə üzvlərini söymüşdür. Həyat yoldaşı DİN-nin 102 Xidmətinə onun barəsində şikayət etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onu Gədəbəy Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahat verərək, bildirmişdir ki,Şəxs onun əridir. O, içki aludəçisidir. Hər gün spirtli içki qəbul edir, sərxoş vəziyyətdə ailə üzvlərini, kənd sakinlərini söyür, münaqişələr yaradır. 10 may 2024-cü il tarixdə əri sərxoş vəziyyətdə yenə də onu və oğlu Təbrizi nalayiq söyüşlərlə söymüş, evdə dava salmışdır. O, bu barədə DİN-nin 102 Xidmətinə şikayət etmişdir. Ona görə də onun barəsində inzibati tənbeh tətbiq edilməsini istəyir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək, bildirmişdir ki, o, Gədəbəy RPŞ-də çalışır. 10 iyun 2024-cü il tarixdə X2 tərəfindən DİN-nin 102 Xidmətinə şikayət daxil olmuşdur. Şikayətlə əlaqədar köməkçisi X5 ilə hadisə yerinə getmiş, hadisə yerində Şəxs sərxoş vəziyyətdə arvadı və uşağını söyməsini görmüşlər. Onu nizam-intizam dəvət etsələr də o, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onu gətirib Gədəbəy Rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs içki aludəçidir. Ona görə də onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2024cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan sənəddən görünür ki, Şəxs 10 iyun 2024-cü il tarixdə sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 29 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 11 iyun 2024-ci il tarix, saat 1415-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar