Məhkəmə qərarları › İş №3(042)-17/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-17/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-17/2022 31.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, 19.01.1991-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gədəbəy rayonu, Qarıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)117/19 və 2(041)263/2015 saylı icra sənədlərinə əsasən Şəxs hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 270 manat aliment alınaraq, X1 verilməlidir. İcra sənədləri Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Lakin o, icra məmurunun tələblərinə tabe olmamış, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. Şəxs barəsində məcburi gətirilmə tətbiq edilmiş və o, 31.01.2022-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu mülkiyyətində olan torpaq sahəsini satıb borcunu ödəyəcəyini vəd etsə də, uzun müddətdir ki, vədini yerinə yetirməmişdir. Bununla da Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməkdən heç bir üzrlü səbəblər göstərmədən, qərəzli olaraq imtina etmiş, aliment borcunu qəsdən ödəməmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərinə əsasən ondan hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 270 manat aliment alınaraq, X1 verilməlidir. O, alimenti ödəyə bilmir. Lakin mülkiyyətində torpaq sahəsi var. Ona vaxt verilərsə, torpaq sahəsini tələbkara bağəşlaya bilər və ya satəb borcunu ödəyə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Tağıyev X3 Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, aliment borcunu ödəməmişdir. Yəni, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini, onun barəsində məcburi gətirilmə tətbiq edilməsini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 31 yanvar 2022-ci il tarixdən, saat 1230-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar