Məhkəmə qərarları › İş №3(042)-173/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-173/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-173/2023 18.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil və zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşaq olan, ünvan 2 ünavnında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində polis əməmkdaşları ilə mübahisə edərək ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması barədə material daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Himayəsində iki azyaşlı uşağı vardır. O, zibilliklərdən sahibsiz atılmış mis və digər metal qırıntılarının yığılması, satışı ilə məşğul olur və ailəsini dolandırır. Onun valideynləri əslən Gədəbəy rayonundan olduğundan, qohumları bu rayondan olduğundan rayonu yaxşı tanıyır. 17 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Maarif kəndinə idarə etdiyi və mülkiyyət hüququ ilə ona məxsus olan **-GH-*** dövlət qeydiyyat nişanlı QAZ 2410 markalı avtomobil ilə metal qırıntıları yığmaq və almaq məqsədi ilə gəlmişdir. Metatalları topladıqdan və bir neçəsini aldıqdan sonra maşınına yükləmiş, Gəncə şəhərinə qayıdarkən Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Slavyanka kəndindən keçən hissəsində Post-patrul maşınında olan polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, maşınını saxlamış, polis əməkdaşları avtomobildə olan radiyatorun və digər metal qırıntıların hardan əldə etməsini soruşmuşlar. O, həmin aldığı şəxslə telefonla əlaqə saxlayıb kim olmasını polis əməkdaşlarına bildirmiş, həmin şəxsin yerini göstərə bildiyini demişdir. Polis əməkdaşları onunla əvvəl razılaşmış, Maarif kəndinə maşını sürmüşdür. Polis işçiləri sonra onun maşına minərək, Polis şöbəsinə getməsini tələb etmişlər. O, bunun səbəblərini soruşmuş, uşaqlarına çörək pulu qazandığını desə də, Polis əməkdaşları post-patrul maşınına minməyi tələb etmişlər. Qardaşı onun yanında olmuş, onun şəxsiyyət vəsiqəsi və maşının sənədləri üstündə olmamışdır. Polis əməkdaşları portal vasitəsi ilə yoxlamışlar. Onun kim olmasını dəqiqləşdirmişlər. Lakin onlar yenə də onu polis şöbəsinə aparmaq istəmişlər. Sonra bir nəfər polis zabiti gəlmiş, onu maşına mindirib Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. O, polisin qanuni tələblərinə əməl etmiş, lakin onu bir gün Gədəbəy rayon Polis şöbəsində saxlamışlar. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞnin İTB-nin rəisi vəzifəsində çalışır. xx.xx.2023-ci il tarixdə saat təxminən 18 radələrində Gədəbəy RPŞ-də növbətçi hissədə olan zaman radiorabitə vasitəsi ilə Slavyanka kəndində olan PPXB-nin əməkdaşlarının kömək istədiklərini, bir nəfər şəxsin tabesizlik göstərdiyini eşitmişdir. Dərhal o Gədəbəy rayonu Slavyanka kəndinə getmişdir. Bu zaman adı ona sonradan məlum olan Şəxs polis əməkdaşları ilə mübahisə etdiyini və onlara tabe olmadığını görmüşdür. Şəxs avtomobilə həddən artıq yük vurmuşdur. Avtomobildə avto nəqliyyat ehtiyyat hissələri olmuşdur. Əlvan metalların toplanması ilə bağlı qanun vardır. Əlvan metalın hardan və kimdən alınması ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Məhz əlvan metalların oğurlanması-xırda talama hadisəsi Şəmkir və Gəncə şəhərindən gəlmiş şəxslər tərəfindən törədilir. Buna görə də tərəflərindən əlvan metal daşıyan avtomobillər saxlanılaraq yoxlanılır. Şəxs avtomobili saxlanılarkən tabesizlik göstərmiş və ətrafdakı insanların ora toplaşmasına səbəb olmuşdur. O, Şəxs əlvan metalların qanunsuz olaraq yığılmasının inzibati xəta hadisəsi olmasını izah edərək polis şöbəsinə aparılmalı olduğunu bildirsə də, o buna məhəl qoymamış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda davam etmişdir. Onlar Şəxs Gədəbəy RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Daha sonra Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində tədbir görülməsini xahiş edir. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-ci il tarixdə saat təxminən 18 radələrində dislokasiya üzrə ekipaj yoldaşı polis serjantı X2 ilə birlikdə Gədəbəy rayon Slavyanka kəndində xidmətdə olan zaman boz rəngli **-GH-*** dövlət qeydiyyat nişanlı QAZ 2410 markalı avtomobil ilə adı onlara sonradan məlum olan Şəxs əlvan metal tullantılarının alqı-satqısı ilə məşğul olduğunu görmüşlər. Onlar Şəxs yaxınlaşıb özlərini təqdim edib, əlvan metal tullantılarının alqı-satqısı ilə hər hansı bir sənədinin olub-olmadığını soruşduqda Şəxs yüksək tonla danışmış, yaxınlıqdakı insanların diqqətini özünə cəlb etmişdir. Onlar Şəxs maşına minib Gədəbəy rayon Polis şöbəsinə getməsini bildirsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq təxminən 30 dəqiqə ərzində onlarla mübahisə etmiş və RPŞ-nə gəlməkdən imtina etmişdir. Onlar həmin vətəndaşın barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞnə gətirmək üçün radiorabitə vasitəsi ilə digər xidmətdə olan PPXB-nün əməkdaşlarını çağırmışlar. Bundan sonra onlar həmin vətəndaşın barəsində tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Həmçinin o, izahatında bildirdi ki, Ramin Daşdəmirov onlara qarşı hər hansı təhqiredici ifadə işlətməmiş, sadəcə maşına minib Polis şöbəsinə getmək istəməmişdir. X1 məhkəmə iclasında X3nun izahatı ilə eyni məzmunlu ifadə verdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək onun əməlində inzibati xəta tərkibi olmadığını, odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilir. Şəxsin əməlində qeyd olunan inzibati xəta təkibinin yaranması üçün polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, polisin tələbləri qanuni olmalı və şəxs qəsdən bu tələblərə tabe olmamalıdır. Məhkəmədə müəyyən edildi ki, Şəxs Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Slavyanka kəndindən keçən hissəsində Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əlvan metal əşyalarını daşıdığına görə saxlanmışdır. Polis əməkdaşları Şəxs polis şöbəsinə aparılmalı olduğunu bildirmişlər, bu zaman Şəxs polis şöbəsinə getmək istəməmiş, polis əməkdaşları Şəxs bu hərəkətlərini polisin qanuni tələbinə tabe olmama kimi qiymətləndirib onu məcburi şəkildə Gədəbəy RPŞ-nə gətirmişlər və barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Məhkəmə ilk növbədə polisin qeyd edilən tələbinin qanuni olub-olmaması barədə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 86.1-ci maddəsinə əsasən, inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 86.1.1. gətirilmə; 86.1.2. inzibati qaydada tutma; 86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 86.1.4. nəqliyyat vasitəsinə baxış; 86.1.5. əşyaları və sənədləri götürmə; 86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma; 86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə; 86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. 86.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir. İXM-nin 87.1-ci maddəsinə əsasən, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər. 87.2. On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz. 87.3. Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İXM-nin 457-1.1-ci və 457-1.1.1-ci maddəsinə əsasən, əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. İXM-nin 69.2-ci maddəsinə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Məhkəmə qeyd edir ki, əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına görə İXM-də inzibati məsuliyyət müəyyən edilmiş, Şəxs da məhz avtomobilində olan əlvan metalların əldə edilməsinin qanunsuz olub-olmamasına görə polis əməkdaşları tərəfindən saxlanılmış, lakin, polis əməkdaşları tərəfindən Şəxs əlvan metalların əldə edilməsi qaydasını pozub-pozmadığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Səlahiyyətli polis əməkdaşı tərəfindən, İXM-nin 93 və 94 -cü maddələrində qeyd edilmiş qaydada, Şəxs məxsus nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı və ya videoyazı ilə baxış keçirilməmiş, metal qırıntılarına baxış keçirilməsi və götürülməsi barədə protokollar, maddi sübut kimi tanınma protokolu tərtib edilməmişdir. Şəxs səs-küy saldığı və digər şəxsləri cəlb etməsi qeyd edilsə də, bu pozuntu hesab etdikləri hallar sənədləşdirilməmiş, onun hərəkətlərində xırda xuliqanlıq inzibati xətasının olub-olmaması aydınlaşdırılmamış, eləcə də məhkəmə iclasında bu hal sübut olunmamışdır. Şəxs əməllərində İXM-nin 457-1.1-ci və 457-1.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, onun hərəkətlərinin yerində sənədləşdirilməsi, inzibati xəta haqqında protokol tərtib olunaraq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri tətbiq edilməsi mümkün olduğu halda onu polis şöbəsinə aparılması ilə əlaqədar Şəxs haqlı narazılığı yaranmış, məhz bu narazılığı polis əməkdaşları qanuni tələbə qəsdən tabe olmama kimi qiymətləndirmişlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. [48] 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırılırlar. Qeyd olunan hüquq normalarından görünür ki, barəsində icraat aparılan şəxs hüququndan istifadə edərək, polis şöbəsinə məcburi aparılmasına və polis əməkdaşlarının hərəkətlərinə etirazını bildirmiş, bu hallar hüquq pozuntusu kimi qiymətləndirilməməli, səlahiyyətli şəxsin vəzifəsidir ki, İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqların təmin edilməsi üçün zəruri tədbirlər görsün. Həmçinin məhkəmə diqqətə çatdırmağı zəruri sayır ki, polis əməkdaşı tərəfindən Şəxs barəsində tədbirlər görülərkən, yəni məcburi Polis şöbəsinə gətirilərkən onun barəsində tutma tətbiq olunarkən onun müdafiə hüquqları da təmin edilməmişdir. Vəkillə real təqdim edilməmiş, edilən hərəkətlərdən narazı qalsa da, vəkillə təmin edilməmişdir. Eləcədə, məhkəmə qeyd edir ki, İXM-nin 86-ci maddəsi səlahiyyətli vəzifəli şəxsə iş üzrə inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin, o cümlədən şəxsin gətirilməsi tədbirinin həyata keçirilməsi hüququ verirsə, eyni zamanda bu halın qanuni olmasını da əsas şərt kimi nəzərdə tutmuşdur. İXM-nin 87-ci maddəsi isə gətirilmə təmin edilmə tədbirinin tətbiq olunmalı şəxslərin dairəsini, qaydasını və prosedurunu dəqiq müəyyənləşdirmişdir. İXM-nin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə hesab edir ki, əgər Şəxs əməllərində İXM-nin 457-1.1-ci və 457-1.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilirdisə, dərhal sonra inzibati xata haqqında protokol tərtib edilməsi mümkün deyildirsə, (halbuki bunun əsaslandıran hallar müəyyən edilməmişdir) işlərə vaxtında və düzgün baxılmasını təmin etmək üçün səlahiyyətli polis əməkdaşı şəxsə rəsmi bildiriş təqdim etməklə, onu vaxtı göstərilməklə polis şöbəsinə dəvət etməli, əgər göstərilən vaxtda gəlmirsə inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin gətirilməsi ilə əlaqədar tədbirlər həyata keçirə bilərdi. Qeyd olunanlar onu göstərir ki, polis əməkdaşlarının Şəxs polis şöbəsinə aparılması ilə bağlı təbəbləri qanuni olmamış, Şəxs heç bir qanuni əsas olmadan məcburi qaydada polis şöbəsinə gətirilmiş və inzibati qaydada tutma tətbiq edilməklə bir gün müddətində polis şöbəsində saxlanılmışdır. Bunula da məhkəmə hesab edir ki, MN ******* №-li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Məhkəmə həmçinin dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin izahatlarına qiymət verərək qeyd edir ki, onlar polis əməkdaşıdır. Onlar izahatlarında barəsində icraat aparılan şəxsin onların qanuni tələblərinə əməl etmədiyini bildirsələr də, həmin tələbin qanuninilliyini əsaslandıra bilmədilər. Odur ki, onların izahatları ilə barəsində icraat aparılan şəxsin İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnə bilər. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilməli və o, məhkəmə zalından dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar