Məhkəmə qərarları › İş №3(042)-178/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-178/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-178/2021 15.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 07.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi, X6 tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. X8 məhkəməyə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin 07.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi RPŞ-nin 6-cı PB-nin 07.01.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, karantin qaydalarını pozmamış, polis ona cərimə olunmağı ilə bağlı heç bir məlumat verməmiş, onun ünvanına bu barədə heç bir rəsmi sənəd göndərilməmişdir. O cərimə olunmağı ilə bağlı ancaq Gədəbəy rayon icra və Probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu gəldikdən sonra məlumatı olmuşdur.Ona görə də barəsində olan cərimə qərarının ləğv edilməsini istəyir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi, X6 tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 07.01.2021-ci il tarixdə saat 09:55-də X4 qaydalarını pozmasına görə onun İXM-in 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 200 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, 07.01.2021-ci il tarixdə saat 09:55-də X4 qaydalarını pozmasına görə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi, X6 onu Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə etmişdir. Lakin qərarda X5 hansı hərəkətlərə görə karantin qaydalarını pozması göstərilməmiş, həmçinin onun inzibati qaydada cərimə olunması barədə ona heç bir məlumat verilməmişdir. Gədəbəy rayon icra və Probasiya şöbəsindən cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu gəldikdən sonra məlumatı olmuşdur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Belə ki, hazırki iş üzrə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən İXM-in 211.1-ci maddəsi ilə qəbul edilmiş 07.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarda X1 qaydasını pozması göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 hansı hərəkətlə nəticəsində karantin qaydasını pozması göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 211.1-ci maddəsinin dispozisiyasında epidemiya əleyhinə rejimin pozulması, sanitariya-gigiyena rejiminin pozulması və karantin qaydalarının pozulmasına görə məsuliyyət yaranır. Şəxsin məsuliyyət cəlb edilməsi üçün bu üç hərəkətdən hər hansı biri baş verməlidir. Məhkəmədə müəyyən oldu ki, X3 iaşə obyektində olmasına görə ona İXM-in 211.1-ci maddəsi maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. X2 hərəkət və ya hərəkətsizliyi tam olaraq araşdırılmamışdır. Bu da onu göstərir ki, X5 əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati tənbehin verilməsi haqqında 07.01.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati tənbehin verilməsi haqqında 07.01.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar