Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-178/2023 22.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Əmiraslanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 206, 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozaraq ictimai qaydanı pozması, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə material daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hazırda heç bir yerdə işləmir. Yıxılıb xəsarət aldığına görə əməliyyat olmuş və buna görə də, demək olar ki, iş qüvvəsini itirmişdir. 21 may 2023-cü il tarixdə Gədəbəy şəhərində avtovağzal adlanan yerə olarkən Kənan adlı polis əməkdaşı ona yaxınlaşaraq Gədəbəy RPŞ-nin CAB-nin rəisinin onun çağırdığını və polis şöbəsinə getməli olduqlarını bildirmişdir. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədən polis şöbəsinə getmişdir. Hətta polis şöbəsinə öz dostunun avtomobili ilə getmişdir. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və onlara qarşı nalayiq ifadə işlətməmiş, səs-küy salmamışdır. O, sadəcə olaraq nakotik vasitəsi istifadə etmişdir. Əməlindən peşmandır. Təhqiqatçının qərarı ona təqdim edilməmişdır. Qərardan heç bir məlumatı yoxdur. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs narkotik vasitədən istifadə etməsi barədə onlara məlumat verilmişdir. Məlumat əsasında Şəxs Gədəbəy RPŞ-nə dəvət etmişlər. Şəxs polis şöbəsində olarkən “məni nəyə görə çağırıbsız” deyərək söyüşlər söyməyə başlamışdır. Polis şöbəsinə gətirilərkən heç bir müqavimət göstərməmiş, polis şöbəsində olan zaman müqavimət göstərməyə başlamışdır. Ona görə də, barəsində İXMnin 510 və 535.1-ci maddələri protokol tərtib edilmişdir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs narkotik vasitədən istifadə etməsi barədə onlara əməliyyat məlumatı verilmişdir. Onlara Şəxs polis şöbəsinə gətirilməsi barədə göstəriş verilmişdir. Onlara bu barədə heç bir qərara verilməmiş, şifahi göstəriş əsasında Şəxs polis şöbəsinə gətirilmişdir. Şəxs 21 may 2023-cü il tarixdə Gədəbəy şəhərində avtovağzal adlanan yerdə yerləşən çay evində olan zaman onlar tərəfindən gətirilmişdir. Şəxs polis şöbəsində olan zaman səs-küy salaraq onu nəyə görə gətirdiklərini bildirərək ünvansız qeyri-etik ifadələr işlətmişdir. Daha sonra Şəxs nakotik vasitə istifadə edib-etməməsi onun tərəfindən polis şöbəsində olan cihaz vasitəsi ilə yoxlanılmış və müayinə zamanı Şəxs sidiyində marixuana aşkar edilmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. İnzibati xəta haqqında protokolu o tərtib etmişdir. 21 may 2023-cü il tarixdə Gədəbəy RPŞ-də xitmətdə olarkən ona Şəxs barəsində sənədləşdirilmə aparılması bildirilmişdir. 21 may 2023-cü il tarixdə Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmiş, 22 may 2023-cü il tarixdə isə təhiqatçının qərarı əsasında İXM-nin 206-cı maddəsi ilə protokol tərtib etmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nakotik vasitədən istifadəyə görə şübhəli şəxs kimi saxlanıldığı və barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərkən müdafiə hüquqları təmin edilməmişdir. Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi yoxdur. Ona görə də, həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istəyir. Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X9 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə narkotik vasitə əldə etmiş və istifadə etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 may 2023-cü il tarixli qərardan gğrünür ki, Şəxs nakotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı əsasında, araşdırma aparılmış, Gəncə rayonlararası Nakoloji dispanseri tərəfindən verilmiş 22 may 2023-cü il tarixli tibbi müayinə protokluna əsasən, Şəxs sidiyində THC (marixuana) aşkar edilmiş və Şəxs barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surətinin Gədəbəy RPŞ-nin İTB-inə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, polisin qanuni tələbinə qəsdən tabe olmama o halda olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra etsin və bu zaman inzibati xəta törətmiş şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmasın. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq Şəxs polis şöbəsində səs-küy salaraq xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Eləcə də, iş üzrə şahidlərin-polis əməkdaşlarının izahatları ilə şəxsin səs-küy salaraq xırda xuliqanlıq etməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olması müəyyən edilmir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə narkotik vasitə əldə etmiş və istifadə etmişdir. Bu fakt barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin etirafedici izahatı, şahidlərin ifadəsi, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-178/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-178/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver