Məhkəmə qərarları › İş №3(042)-179/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-179/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-179/2023 23.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1, X2, X5 və X3 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində “Vaz 21063” markalı **-CE-*** markalı avtomobili idarə edərkən Gədəbəy RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və avtomobilin konstruksiyasında dəyişiklik edilməsinə görə saxlanılmış və bu zaman Şəxs spirtli içki qəbul etməsi müəyyən edilmiş və sonuncunun ilkin olaraq alkotesr vasitəsi ilə yoxlanılması bildirilsə də, Şəxs polis əməkdaşlarına tabesizlik göstərməyə başlamış və nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəxs YPX-nin əməkdaşları tərəfindən Gədəbəy RPŞ-nin X15 Bölməsinə aparılmış, lakin Şəxs hərəkətlərini davam etdirdiyinə görə Şəxs barəsində protokol tərtib edilməsi üçün Gədəbəy RPŞ-nin inzibati binasına aparılmışdır. Şəxs polis şöbəsində olan zamanda hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Odur ki, Şəxs qeyd edilən hərəkətləri edərək ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyata olmaqla yaşayır. Himayəsində dörd övladı vardır. Övladları yetkinlik yaşına çatmışdır. Gədəbəy rayonu, Novosaratovka kəndində fərdi əməklə məşğul olur. İdarə etdiyi “Vaz 21063” markalı **-CE- *** markalı avtomobil ona məxsusdur. Sürücülük vəsiqəsi yoxdur. İşləmək məqsədi ilə 22 may 2023-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndinə gəlmişdir. Həmin gün Novosaratovka kəndində spirtli içki qəbul etmişdir. Bundan sonra yaşadığı evə qayıdarkən o Gədəbəy rayonu, Qızıltorpaq kəndində YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşlarına spirtli içki qəbul etdiyini etiraf etmişdir. Lakin polis əməkdaşları onunla kobud rəftar etmişdir. Polis əməkdaşları ona qarşı nəlayiq ifadələr işlətmiş, polis əməkdaşlarına qarşı nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona qarşı kobud rəftar edir. Etdiyi əmələ görə cəza çəkməyə hazırdır, lakin göstərilən rəftara görə Gədəbəy RPŞdə saxlanılmaq istəmir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir. Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində xidmətdə olarkən “Vaz 21063” markalı **-CE-*** markalı avtomobili idarə edən şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və avtomobildə konstiruksiya dəyişikliyi olduğuna görə onlar tərəfindən saxlanılmışdır. O, avtomobilə yaxılaşayaq Şəxs özünü təqdim edərək sənədləri təqdim etməsini tələb etmişdir. Sürücü tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və etibarnamə təqdim edilmiş, sonuncunun sürücülük vəsiqəsi olmamışdır. Bu zaman avtomobildən spirtli içki iyi olduğu hiss etmiş, sürücüdən spirtli içki qəbul edib-etməməsini sorşumuş və sonuncu spirtli içki qəbul etdiyini etiraf etmişdir. Onlar Şəxs avtomobilində düşürərək içkili olub-olmamasını alkotestr vasitəsi ilə yoxlanılması üçün YPX-nin avtomobilinə dəvət etmiş, lakin Şəxs tabesizlik göstərməyə çalışmışdır. Onlar Şəxs qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Bu barədə onlarda video yazı da vardır. Şəxs onlar tərəfindən Gədəbəy RPŞ-nin X15 Bölməsinə aparılmış, lakin, Şəxs orda da tabesizlik göstərmiş və onlar Şəxs sənədləşdirilməsi üçün Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Gədəbəy RPŞ-nə gətirilən zaman və polis şöbəsində tabesizlik göstərməyə davam edərək onlara və onların rəhbərliyinə qarşı nalayiq ifadələr işlətmişdir. Polis şöbəsində şəxsin sərxoşluğunun müəyyən edilməsi üçün həkim çağırılmış və bununla bağlı tibbi müayinədən keçirilmişdir. Eləcə də, onlar Şəxs onlar tərəfindən sonuncuya qarşı nalayiq ifadələr işlədilməsi və onunla pis rəftar edilməsi ilə bağlı izahatı yalandır. Bütün bunların video görüntüsü vardır. Şəxs Gədəbəy RPŞ-nin inzibati binasında da nalayiq ifadələr işlədərək Növbətçi hissənin normal iş rejimini 10-15 dəqiqə ərzində pozmuşdur. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞ-də məsul köməkçi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-də xidmətdə olarkən Şəxs YPX-nin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtomobil idarə etdiyinə və tabesizlik göstərdiyinə görə RPŞ-nin inzibat binasına gətirilmişdir. Şəxs polis şöbəsinin inzibati binasında olan zaman səs küy salaraq onlara və onların rəhbərliyinə qarşı söyüşlər söyməyə başlamış və sərxoşluğunun müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etməyə çalışmış, onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs ona su verilməməsi ilə bağlı bildirdiyi izahatı yalandır və telefon vasitəsi ilə çəkilmiş video görüntüdə sonuncunun əlində su olması və polis şöbəsində söyüşlər söyməsi aydın şəkildə görünür. Zərərçəkmiş şəxslər X7 və X8 və şahid X9 məhkəmə iclasında zərərçəkmiş şəxslər X6 və X5 izahatı ilə eyni məzmunlu izahat verdilər. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X11 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində və Gədəbəy RPŞ-də sərxoş vəziyyətdə uca səslə nalayiq söyüşlər söymüş və ictimai qaydanı qoruyan polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 22 may 2023-cü il tarixdə, saat 18:01 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində və Gədəbəy RPŞ-də sərxoş vəziyyətdə uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatı, şahid ifadələri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etirafedici izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xəta hadisəsinin sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 may 2023-cü il tarix, saat 18:45-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar