Məhkəmə qərarları › İş №3(042)-179/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-179/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-179/2024 15.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahəsinin briqadiri vəzifəsində işləyən, evli, Azərbaycan Respublikası vətəndaşı, Gədəbəy rayonu, Moruxlu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X3 xx.xx.2024-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Daşqıran sahəsinin briqadiri vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən Şəxs İXM-in 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 11 iyun 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahəsinin briqadiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində X3 “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Gədəbəy kontrakt sahəsində 2-ci lentli konveyeri təmir etdikdən sonra qayışdan tutaraq şkifi bərkidən zaman Tural Məmmədovun səhv salaraq 2-ci konveyeri işə salması səbəbindən sol əlinin baş barmağının şkiflə qayışın arasında qalması nəticəsində Ayaz Şirinov xəsarət almışdır. Vəzifə təlimatı üzrə onun həmin zaman işçilərə nəzarət etmək vəzifəsi olmuşdur. Ayaz Şirinov xəsarət alan zaman onun yanına gəlmiş və dərhal təcili tibbi yardım çağırılmışdır. O, özünü baş vermiş bədbəxt hadisədə təqsirli bilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi X3 xx.xx.2024-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılarkən həmin şirkətin Daşqıran sahəsinin briqadiri vəzifəsində işləyən Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207 və 215-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax- Tovuz regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahəsinin briqadiri Şəxs tərəfindən İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olduğundan barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan təhqiqat aktından görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Gədəbəy kontakt sahəsinin daşqıran operatoru vəzifəsində işləyən X3 xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı təhqiqat aparılmışdır. Müəyyən edilmişdir ki bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində X3 “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Gədəbəy kontrakt sahəsində 2-ci lentli konveyeri təmir etdikdən sonra qayışdan tutaraq şkifi bərkidən zaman Tural Məmmədovun səhv salaraq 2-ci konveyeri işə salması səbəbindən sol əlinin baş barmağının şkiflə qayışın arasında qalması nəticəsində baş vermişdir. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin daşqıran operatoru X3 ehtiyyatsızlığını, 4.2-ci və 4.3-ci bəndlərinə əsasən daşqıran sahəsinin fəhləsi X2 cavabdehliyini, 4.4-cü bəndinə əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin daşqıran sahəsinin briqadiri Şəxs nəzarətsizliyini müəyyən etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 09/2024 saylı aktdan görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Gədəbəy kontakt sahəsinin daşqıran operatoru vəzifəsində işləyən X3 xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı Şəxs, X8 və X10 əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər olmaları müəyyən edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 140 saylı ekspert rəyinin surətindən görünür ki, vət. X3 bədən səthində aşkar edilmiş xəsarətlər- sol əlin 1-ci barmağının əzilmiş-cırılmış yaraları ilə müşayət olunan 1-ci barmağının proksimal və distal falanqalarının sınığı,vətərlərin qopması küt əşyaların təsirindən törənmiş,törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 24 mart 2024-cu ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlğın uzun müddətə pouzulmasına səbəb olan sağlamlğa az ağır zərər vurmaya aiddirlər. Vət.X3 bədən səthində qarşılıqlı mübarizəyə xarakterik xəsarət aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edildi ki, X9 “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Daşqıran sahəsinin briqadiri vəzifəsində, X4 isə həmin şirkətin daşqıran operatoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində X3 “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Gədəbəy kontrakt sahəsində 2-ci lentli konveyeri təmir etdikdən sonra qayışdan tutaraq şkifi bərkidən zaman Tural Məmmədovun səhv salaraq 2-ci konveyeri işə salması səbəbindən sol əlinin baş barmağının şkiflə qayışın arasında qalması nəticəsində bədbəxt hadisə baş vermişdir. Baş vermiş bədbəxt hadisədə vəzifə təlimatı üzrə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin daşqıran sahəsinin briqadiri Şəxs nəzarətsizliyini müəyyən etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 198.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 207-ci maddəsinin 1-c hissəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Məhkəmə qeyd edir ki, Şəxs qeyd edilən bədbəxt hadisə baş verərkən işçilərə nəzarəti o həyata keçirmiş, iş aparılan vaxt əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsi vəzifəsi daşımışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 1500 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar