Məhkəmə qərarları › İş №3(042)-180/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-180/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-180/2021 06.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis leytenantı X1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonu, Şınıx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin X12 Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 05 iyul 2021-ci il tarixdə, saat 23:30 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində sərxoş halda polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Düzrəsullu kəndində yaşayır. Ailəlidir və 3 övladı var. 05 iyul 2021-ci il tarixdə günorta təxminən saat 15:00 radələrində o həmkəndlisi İmranın evinin həyətində Arzu adlı fəhlə yoldaşı ilə birlikdə press otlarını yığıb fəhləlik edərək işləmişlər. Ev sahibi İmran onların hər birinə yığdığı 230 ot bağlamasına görə 15 manat pul vermişdir. Sonra ev sahibi onlara evində yemək vermiş və yemək yeyərkən fəhlə yoldaşı Arzu ilə ona hərəsinə 2 stəkan təxminən 0.5 litr meyvə arağı içmişlər. Həmin axşam saat 22:00-da yaşadığı evə gəlmiş və həyətdə oturduğu zaman arvadı X3 ona spirtli içki içdiyinə görə qarğış eləməyə başlamışdır. O, arvadı Nailəyə onu işlədib pul verən adama söyləməməsini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Bundan sonra Nailə çıxıb qonşuya getmişdir. O, isə Nailəni axtarıb tapa bilməmişdir. Ona görə də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən 30-40 dəqiqədən sonra kəndlərinin polis sahə rəisi Vüsal Qocayev onlara gəlmiş və nə baş verdiyini xəbər almışdır. O, isə polis əməkdaşından arvadını evə qaytarmasını tələb etmişdir. Vüsal Qocayev ona sərxoş olmasını, bir az sakitləşərək yatıb ayılmasını və sonra onu arvadı ilə barışdıracağını bildirmişdir. O, həmin vaxt içkili olduğundan mobil telefonu ilə bir neçə dəfə DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşı Vüsal Qocayev barəsində əsassız şikayət xarakterli məlumatlar vermiş və polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də Vüsal Qocayev onu Gədəbəy RPŞ-nin Yeni Saratovka PB-nə gətirmiş və narkoloji həkim müayinəsindən keçirmişlər. O, sərxoş vəziyyətdə olduğuna görə polis əməkdaşının tələblərinə bilərəkdən tabe olmamışdır. O, əməlindən səmimi peşmandır. O, birdə belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş şəxs X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 05 iyul 2021-ci il tarixdə, saat 22:45-də Gədəbəy rayonu, Düzrəsullu kənd sakini Şəxs AR-nın DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında onun yaşadığı ünvanda olduğu zaman Şəxs sərxoş olduğu və arvadı X5 ilə aralarında münaqişə baş verdiyini və arvadının evdən çıxaraq getməsini aşkar etmişdir. Şəxs ona arvadı Alsəfərov Nailənin evdən qaçıb qonşuya getməsini və onu evə geri qaytarmasını bildirmişdir. O, Şəxs hazırda sərxoş vəziyyətdə olmasını, həyat yoldaşının ondan qorxub qonşusu evinə getməsini və səhəri gün evə qayıdacağını bildirsə də Şəxs sərxoş vəziyyətdə olduğuna görə ona ucadan nalayiq söyüşlər söyərək onun qanuni tələblərinə qəsdən tabe olmamış və bir neçə dəfə ondan əsassız olaraq AR-nın DİN-nin 102 xidmətinə şikayət xarakterli məlumatlar vermişdir. O, Şəxsı nizam-intizama dəvət etsə də o yenə də onun qanuni tələblərinə tabe olmamışdır. Ona görə də o Şəxsı Gədəbəy RPŞ-nin Yeni Saratovka PB-nə gətirmiş və sərxoşlu dərəcəsinin müəyyən edilməsi üçün narkoloji dispanserdən keçirmişdir. Həmçinin bildirir ki, Şəxs spirtli içi aludəçisidir. Sərxoş olduqdan sonra öz hərəkətlərini idarə edə bilmir. 2020-ci ilin noyabr ayında o, İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs polis leytenantı X6 bildirdi ki, 05 iyul 2021-ci il tarixdə Şəxs polis əməkdaşı X7 qarşı sərxoş vəziyyətdə nalayiq ifadələr və təhqiredici sözlər işlətmiş onların bu faktı rəsmiləşdirməsinə maneçilik törətmişdir. İnzibati xəta haqqında protokol və tutma haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 06 iyul 2021-ci il tarixdə Gədəbəy RPŞ-nin X12 Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 iyul 2021-ci il tarixdə, saat 23:30 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində sərxoş halda polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 06 iyul 2021-ci il tarixdə, saat 00:57 radələrində yüngül dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs 05 iyul 2021-ci il tarixdə, saat 23:30 radələrində Gədəbəy rayonu, Düzrəsullu kəndində sərxoş halda polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və zərər çəkmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əvvəllər məhkum olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 06 iyul 2021-ci il tarixdə saat 00:50 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 06 iyul 2021-ci il tarixdən, saat 00:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 iyul 2021-ci il tarixdən, saat 00:50-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar