Məhkəmə qərarları › İş №3(042)-181/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-181/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-181/2024 03.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-669/2015 saylı qətnaməsinə əsasən, 11 avqust 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs X3 verilməlidir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-669/2015 saylı qətnaməsinə əsasən, 11 avqust 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs X3 verilməlidir. O, Rusiya Federasiyasında yaşayır və ora vətəndaşıdır. 2001-ci il tarixdən Rusiya Federasiyasında yaşayır və ticarətlə məşğul olur. Ata və anası Gədəbəy rayonu, Parakənd kəndində yaşayır. O, 3-5 ildən bir Gədəbəy rayonuna gəlib-gedir. Onun əvvəlcə alimentdən məlumatı olmamış, sonradan 2015-ci ildə alimentdən xəbəri olmuş və aliment borcunu tam ödəmişdir. O, həmçinin uşaqla görüş üçün məhkəməyə müraciət etmiş, lakin uşaqla onun görüşü təmin edilməmişdir. Bundan sonra 2019-cu il tarixdə Gədəbəy rayonuna gəlmiş, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov ona aliment borcundan 500 manat ödəniş etməsini bildirmiş və o həmin aliment borcunu ödəmişdir. O, Rusiya Federasiyası vətəndaşı olduğunda və orada yaşadığından aliemtn borcunun orada icra olunmasını istəmişdir. Lakin bu mümkün olmamışdır. O, hazırda 26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və ona axtarışda olduğu bildirilmişdir. Hazırda o 1500 manat ödəniş edə bilər aliment borcundan, Rusiya Federasiyasında işlədiyindən qalan ödənişini Rusiya Federasiyasına getdikdən sonra edə bilər. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-669/2015 saylı qətnaməsinə əsasən, 11 avqust 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs X3 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyası vətəndaşıdır. Borclu aliment borcundan qismən ödənişlər aparmışdır. Sonuncu dəfə 2019cu il tarixdə ödəniş etmişdir. Hazırda borclunun ümumilikdə 9270 manat aliment borcu var və həmin borcundan 1500 manat ödəniş etmək istəyir. Lakin tələbkarın nümayəndəsi aliment borcunun tam ödənilməsini istəyir. Tələbkarın aliment borcunun ödənilməsi üçün bank hesabı yoxdur. Bu barədə tələbkara bildirsə də, tələbkar bank hesabı açdırmamışdır. Ona görə də, borcunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-669/2015 saylı qətnaməsinə əsasən, 11 avqust 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs X3 verilməlidir. O, tələbkarın atasıdır. Aliment 2012-ci il tarixdən təyin edilmişdir. Borclu ümumilikdə aliment borcundan 1400 manat məbləğində ödəniş etmişdir. O, uşağın saxlanması üçün təyin edilmiş və yığılmış aliment borcunun tam ödənilməsini tələb edir. Borclunun Rusiya Federasiyası vətəndaşı olmasını 2014-cü il tarixdə bilmişdir. Onun qətnamənin xaricdə icrası və aliment ödənişinin aparılması üçün bank hesabı açılmasından məlumatı olmamış, ona bu barədə izah verilməmişdir. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Rusiya Federasiyası vətəndaşı olmaqla orada yaşayır. Tələbkarın aliment borcunun ödənilməsi bank hesabı olmamış və qətnamənin xaricda icrasının təmin edilməsi üçün zəruri hərəkətlər edilməmişdir. Borclu Rusiya Federasiyasında gəldiyi zaman aliment borcundan ödənişlər aparmışdır. Hazırda borclu aliment borcundan 1500 manat ödəniş edir və qalan borcunu isə Rusiya Federasiyasında yaşadığı və işlədiyi yerə gedən zaman ödəyəcəyinə söz verir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar