Məhkəmə qərarları › İş №3(042)-183/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-183/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-183/2024 04.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 və X5 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 03 iyul 2024-cü il tarixdə Gədəbəy rayonunda yerləşən mərkəzi bazarda 350 qramlıq araq içmişdir. Həmin gün keçmiş arvadı Təranə ilə telefonda danışarkən aliment üzrə mübahisələri olmuşdur. O, bununla bağlı DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Bundan sonra polis əməkdaşları gəlmiş, polis avtomobilinə əyləşməsini bildirilmiş və o polis avtomobilinə əyləşərək Gədəbəy rayon Polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları gələrkən sərxoş vəziyyətdə olmuşdur. O, heç bir səs-küy salmamış və polisə tabesizlik göstərməmişdir. O, DİN-nin 102 xidmətinə zəng vursa da operatorlara nalayiq ifadələr işlətməmiş və sadəcə şikayətini bildirmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, bərsində inzibati xəta haqqında icraata aparılan şəxs əməlindən peşmandır. Ona görə də, onun barəsind əhəbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin Növbəçi hissəsinin məsul növbətçisinin köməkçisi vəzifəsində işləyir. 03 iyul 2024-cü il tarixdə xidmətdə olan zaman Şəxs DİN-nin 102 xidmətinə zəng etmiş və oparatorları nalayiq ifadələrlə təhqir etmişdir. Şəxs dəfələrlə DİN-nin 102 xidmətinə zəng edərək nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs polis şöbəsinə gətirən zaman ondan nə üçün belə hərəkətlər etdiyini soruşduqda, Şəxs yaxşı etdiyini və yenə bu cür hərəkətləri edəcəyini bildirmiş, onu və polis əməkdaşlarını təhqir etmişdir. Şəxs Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında da səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Şəxs həmin zaman sərxoş vəziyyətdə olmuşdur. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. O, Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. Onlar DİN-nin 102 xidmətinə ünvanlanmış şikayətlə bağlı Şəxs yaşadığı Gədəbəy rayonu, Söyüdlü kəndində yeləşən ünvanına getmişlər. Həmin zaman Şəxs şərxoş vəziyyətdə polisin, dövlətin və digər vətəndaşların ünvanına uca-səslə nalayiq ifadələr işlətmiş və ictimai asayişi pozmuşdur. Onlar buna görə Şəxs Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Şöbəyə gələrkən xidməti avtomobildə və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə tabe olmamış və hərəkətlərini davam etdirmişdir. O, Şəxs şikayətçidir və barəsində tədbir görülməsini xahiş edir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X1 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan alkotestrlə yoxlamanın nəticəsi olan vərəqdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs inzibati tənbehi təyin edilsin. İnzibati həbs müddətinin əvvəli 03 iyul 2024-cü il tarix, saat 20:55-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar