Məhkəmə qərarları › İş №3(042)-184/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-184/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-184/2024 08.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakları ilə, xx.xx.1992-ci ildə Gədəbəy rayonu, Samanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-284/2023 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-284/2023 saylı icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 oktyabr 2023-cü ildən başlayaraq Şəxs hər ay 185 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qaydada qərar və bildiriş göndərilmiş, icra sənədi könüllü icra edilməmişdir. İcra sənədinin icra edilməsi barədə borcluya təklif edilsə də, o icra sənədini icra etməmişdir. Odur ki, məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-284/2023 saylı icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 oktyabr 2023-cü ildən başlayaraq ondan hər ay 185 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. O, Qarabağ ərazisində sürücü işləyir. Aylıq 500 manat əmək haqqı alır. 20 gün olarki işləyir. O, tələbkarla barışmaq, bir ailədə yaşamaq istəmiş, tələbkarla bu barədə danışıqları olmuş və ona görə aliment borcundan ödəniş etməmişdir. Onun icra sənədinin icrasında yayınmaq məqsədi olmamışdır. Ona icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən zənglər olmuş, lakin o xəstəliyi ilə bağlı icra şöbəsinə gələ bilməmişdir. Axtarışda olmasından məlumatı olmamışdır. 3800 manat borcu var. X1 məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-284/2023 saylı icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 oktyabr 2023-cü ildən başlayaraq Şəxs hər ay 185 manat məbləğində sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qaydada qərar və bildiriş göndərilmiş, icra sənədi könüllü icra edilməmişdir. İcra sənədinin icra edilməsi barədə borcluya təklif edilsə də, o icra sənədini icra etməmişdir. Odur ki, məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlməkdən imtina etmiş, borclu axtarışa verilmiş və polis vasitəsi ilə icra şöbəsinə gəlmişdir. Tələbkarla əlaqə saxlanılmış və tələbkar borclu ilə arasında heç bir barışıq əldə olunmadığı və aliment borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Borclu icra sənədini icra etmir. Borclunun ümumilikdə 3800 manat aliment borcu var. Ona görə də, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-284/2023 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə görə gətirdiyi arqumentləri, heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlər inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarları icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 gün müddətə həbs inzibati tənbehi təyin edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 iyul 2024-cü il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə və Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar