Məhkəmə qərarları › İş №3(042)-187/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-187/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-187/2023 26.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, 22 avqust 1978-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,2 uşağı olan, orta təhsilli, işsiz, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə 90 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2(041)-1116/2012 saylı icra sənədinə əsasən borclu Şəxs 3100 manat məbləğində borcun alınaraq, tələbkar X1 və 20 manat ödənilmiş dövlət rüsumunun isə dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu borcunu ödəmədiyi görə 27 may 2015-ci il tarixdə barəsində İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclunun 3100 manat məbləğində yığılmış aliment borcu vardır. Hal-hazırda övladı Elçinin 2020-ci ildə yaşı tamam olmuşdur. Borcluya icra sənədinin icrası ilə bağlı məlumat verilməsinə baxmayaraq borclu icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Şəxs növbəti dəfə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, izahat verərkən bildirmişdir ki, yaranmış borcu tam ödəyə bilmir, lakin hissə-hissə ödəyəcəkdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, evlidir, himayəsində 2 azyaşlı uşaqları var. O, borcundan 500 manat ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan 3(041)-59/2015 saylı, 27 may 2015-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı müəyyən edilməmişdir.Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar