Məhkəmə qərarları › İş №3(042)-189/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-189/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-189/2023 12.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət və ona əlavə olunmuş materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 İXM-in 334.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X7 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, TP № ******* nömrəli qərar əsasında onun barəmdə İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat və kirvəsı X5 barəsində 337.1-ci maddəsi ilə 200 manat əsassız cərimə yazılmışdır. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə Razim Hüseynova məxsus VAZ 2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə onun ilə birlikdə Gədəbəy rayonunun mərkəzi bazarından Razim Hüseynovun yaşadığı Gədəbəy rayonu, Leşkər kəndində yerləşən evinə getmişlər. Həmin vaxt avtomobili Razim Hüseynov idarə etmişdir. Razim Hüseynovun yaşadığı Gədəbəy rayonu, Leşkər kəndində yerləşən evində onun ilə birgə yemək yedikdən sonra 18 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Razim Hüseynovun VAZ 2107 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilini onun icazəsi ilə götürüb evinə gedərkən yolda Rahib adlı şəxs ona maşında olan musiqinin uca səslə oxudulmasını irad bildirmiş, sonra Rəşad Zeynalov adlı şəxs də gəlib maşını yolda saxlamağına görə onunla mübahisə edib bıçaqla gözünün altına xəsarət yetirmişdir. Qeyd olunan hadisə ilə bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılmış və onun guya 18 sentyabr 2022-ci il tarixdə Razim Hüseynova məxsus VAZ 2107 markalı, 21- BG-238 dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməyi ilə bağlı ona rəsmi xəbərdarlıq, rəsmi bildiriş və sənəd gəlmədən cərimə yazılmışdır. O, həmin nəqliyyat vasitəsini idarə edən zaman sərxoş vəziyyətdə olmamış, sadəcə təhqiqatçının istədiyi rüşvəti ona vermədiyinə görə ona və Razim Hüseynova qərəzli olaraq cərimə yazılmışdır. Onun spirtli içki qəbul edib-etməməsi barədə o heç bir tibbi müayinədən keçirilməmiş və alkotestr vasitəsi ilə yoxlanılmamışdır. Ona görə də, ona və Razim Hüseynova əsassız olaraq cərimə yazılmışdır. O, mədəsindən əməliyyat olunmuşdur və qaraciyərində problemlər vardır. Ona görə də, həkim tərəfindən ona spirtli içki içmək qadağan edilmişdir. Onun spirtli içki içməsi həyatı üçün böyük təhlükədir. Ona görə də onun spirtli içki qəbul etməsi həqiqətə uyğun deyildir. Onun cərimə edilməsi ilə bağlı qərarın tərtib edilməsinə əsas olan Gədəbəy rayon Polis X2 təhqiqatçısı, polis polkovnik-leytenantı Əjdər İsgəndərovun barəmizdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı 24 yanvar 2023-cü il tarixli qərarı Gədəbəy Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 6(042)-7/2023 nömrəli qərarı ilə ləğv edilmiş və bundan əvvəl isə qəbul edilmiş eyni məzmunlu Gədəbəy rayon X6çısı İlham Kərimovun qərarı isə prokuror tərəfindən ləğv edilmilmişdir. Ona görə də, onun barəsində olan cərimə qərarının əsassız olduğundan ləğv edilməsini xahiş edir. Qərardan şikayət vermiş şəxs X7 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, İşdə olan Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 İXM-in 334.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(042)-7/2023 saylı qərarından görünür ki, Gədəbəy Rayon Polis X2 təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X4 nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə İXM-in 334.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə qeyd edir ki, X4 barəsində İXM-in 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas Gədəbəy Rayon Polis X2 təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarı olmuşdur. Həmin qərar Gədəbəy rayon prokurorunun 09 yanvar 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və yenidən araşdırılması üçün təhqiqat bölməsinə göndərilmişdir. Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı Əjdər İsgəndərovun 24 yanvar 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının yenidən rədd edilməsi qərara alınmışdır. Həmin qərardan X8 və X7 tərəfindən şikayət verilmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(042)-7/2023 saylı qərarına əsasən, Gədəbəy Rayon Polis X2 təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli qərarlar ləğv edildiyindən Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı da ləğv edilməlidir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar