Məhkəmə qərarları › İş №3(042)-191/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-191/2021

26.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-191/2021 26.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3, zərərçəkmiş şəxslər X1 və X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Gədəbəy rayonu, Zamanlı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 25.07.2021-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, kənd camaatı onun ot taylarını yandırmışlar. Bundan sonra o, Azərbaycan Respublikası DİN 102 Xidmətinə məlumat vermişdir. Hadisə ilə əlaqədar polis əməkdaşları araşdırma aparmış, bu zaman o, heç kimlə mübahisə etməmiş, heç kimi söyməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 eyniməzmunlu izahat verərək, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin kənd camaatı ot taylarını yandırmışlar. Şəxs Azərbaycan Respublikası DİN 102 Xidmətinə məlumat vermişdir. Onlar hadisə yerinə gəlmiş, o, polis əməkdaşlarından ot taylarının ona qaytarılmasını tələb etmiş, onları nalayiq söyüşlərlə söymüşdür. Bundan sonra Şəxs araşdırılma aparılması ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinə gətirilmiş və o, Şöbədə də əməkdaşlara qarşı nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini pozmuşdur. Ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında 25.07.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 25.07.2021-ci il tarixdə ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25.07.2021ci il tarixdə saat 14:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını və təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs 25.07.2021-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 25.07.2021-ci il tarixdən, saat 1400-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar