Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-192/2022 20.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon İcra Hakimiyyətinin 18 avqust 2017-ci il tarixli, icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində inzibati qaydada cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra sənədi icraata başlanılmışdır. Borcluya cərimələri ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Borclu Şəxs cəriməni ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20 iyul 2022-ci il tarixdə məhkəməyə ərizə verərək bildirmişdir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin onun barəsində cərimə edilməsi barədə qərar qəbul edilməsindən xəbəri olmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. O, həmin qərardan narazıdır və qərarın ona təqdim edilməsini istəyir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci tarixli qərarı üzrə borclu Şəxs 500 manat məbləğində cəriməni qanunla müəyyən olunmuş müddətdə ödəmədiyinə görə qərarın icrasından yayınması göstərilmişdir. İXM-in 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Maddənin məzmunundan göründüyü kimi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının icra edilməməsi o halda inzibati məsuliyyətə səbəb olur ki, həmin qərar qanuni qüvvəsini almış olsun, qərar qüvvəyə mindiyi gündən 3 ay keçmiş olsun və bu müddət ərzində qərarın icra edilməməsi üçün qanuni əsaslar olmasın. Bu inzibati xətanın obyektiv cəhəti qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cəriməni ödəməməkdən ibarət hərəkətsizlikdə ifadə olunur. Yəni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməmişdirsə, 3 ay müddətin tamam olduğu gündən sonrakı gün inzibati xətanın törədildiyi gün hesab olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən olunur ki, Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində inzibati qaydada cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Borclu Şəxs cəriməni ödəmədiyindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayılov Tural Əİəsgər oğlu tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmasına baxmayaraq borclu Şəxs Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci tarixli qərarını 20 iyul 2022-ci il tarixdə qəbul etdiyindən və icra sənədi icra yönəldiyindən hazır ki vaxtadək Şəxs iş materiallarında icra sənədindən xəbərinin olmasını təsdiq edən hər hansı sübut olmadığından görə onun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, icra işindən və iş materiallarından görünür ki, Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci tarixli qərarından borclunun xəbəri olmadığından və qərarı xx.xx.2022-ci il tarixdə qəbul etdiyindən, həmin qərar qüvvəyə minməmişdir. Göründüyü kimi, cərimənin icrası üçün qanuni əsaslar yoxdur. İXM-in 114.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-192/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-192/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver