Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-192/2023 01.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 və X6 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binə qəsəbəsi, Cütçülük massivində yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Bakı şəhəri, Binə qəsəbəsi, Cütçülük massivində yaşayır. O, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Gədəbəy RPŞ-nin inzibati binasına dəvət edilmiş, o polis şöbəsinə gəldikdə Gədəbəy rayonu, Samanlıq kənd sakini X3 məxsus yaşayış evindən oğurluqda onun şübhəli bilinməsi bildirildikdə özündən çıxmış və yersiz hərəkətlər etmişdir. Əməlindən səmimi peşmandır. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında xidmətdə olarkən CAB-ın baş əməliyyat müvəkkili Əli Həsənov ilə birlikdə xidmətdə olarkən İB-nin icraatında olan xx.xx.2021 -ci il tarixli ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq oğurluq törətməkdə şübhəli bilinən Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri Binə qəsəbəsində yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 özünün şübhəli bilinməsində günahkar görərək sonuncunun ünvanına nalayiq sözlər demiş, onlar Şəxs nizam intizama dəvət etsələr də, Səbri Məmmədov qanuni tələblərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etdirmişdir.Şəxs onlara qarşı uca səslə qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmiş və bu barədə rəhbərliyə məruzə edilmişdir. Şəxs 5-10 dəqiqəyə yaxın şöbənin iş rejimini pozumuşdur. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs arvadının xalası oğludur. Şəxs onun evindən oğurluq etmişdir. Beş ay idi ki, Şəxs polis əməkdaşları Gədəbəy RPŞ-nə gətirdə bilmirdi. Daha sonra onu polis əməkdaşları Gədəbəy RPŞ-nə gətirdilər. Şəxs polis şöbəsində ona qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarının yanında ona hədəqorxu gəlmişdir. Eləcə də, oğluna telefonda nalayiq ifadələr işlətmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X12 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:05 radələrində Gədəbəy RPŞ-nin inzibati binasında ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu şahid ifadələri, zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 iyun 2023-cü il tarix, saat 18:15-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-192/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-192/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver