Məhkəmə qərarları › İş №3(042)-192/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-192/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-192/2025 25.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimli Ülvi Şakir oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş 20 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27455231 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayətlə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində İXM-in 327.2-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə əsasında idarə etdiyi “MERCEDES E270 CD1 MİNİK” markalı, **-LV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə 20 aprel 2025-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, Əziz Əliyev küçəsində yolun görünən hissəsində hərəkəti davam etdirməyə məhdudiyyət qoyan hər hansı yol hərəkəti nişanı olmadığına görə hərəkətdə olmuşdur. Həmin vaxt BDYPİ-yə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə onun barəsində elektron qərar qəbul edilmiş və İXM-in 327.2-ci maddəsi ilə (3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə) EQ 27455231 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarla 100 manat məbləğində inzibati cərimə olunmuşdur. O, həmin qərardan narazıdır, hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, hərəkət etdiyi yolda 3.1 “Giriş qadağandır” yol nişanının yol hərəkət iştirakçıları tərəfindən görünməsini yol qırağında olan ağaclar məhdudlaşdırmışdır. Bu səbəbdən həmin yerdə “Giriş qadağandır” yol nişanının olmasını görmək mümkün deyil. Bu hal məhz BDYPİ-yə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin çəkdiyi fotolardan da aydın olur. Fotoşəkillər şikayətə əlavə olunur. Belə olan halda hesab edir ki, barəsində olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar əsassız olduğundan ləğv edilməlidir. X2 şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati işə qərarından şikayət verilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilərək X5 barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan; - AB seriyalı 631843 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES E270 CD1 MİNİK” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. - xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X1 Elbəy Muxtar oğluna “MERCEDES E270 CD1 MİNİK” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sərəncam vermək hüquqlarını etibar etmişdir. - Hökmət ödəniş portalından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27455231 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində (3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinməklə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 10-cu maddəsinin İ hissəsinin 10-cu bəndinə əsasən, avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir. Həmin qanunun 61-ci maddəsinin Xİ hissəsinə əsasən, yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmamasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27455231 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X9 xx.xx.2025-ci il tarixdə saat 16:17-də mülkiyyətində olan “MERCEDES E270 CD1 MİNİK” markalı, **-LV- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “3.1 Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, inzibati xəta əməli foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və elektron formada birbaşa DİN BDYPİ X4 ötürülmüşdür. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas inzibati xəta əməlinin törədildiyi anı əks etdirən foto şəkillər olmuşdur. Lakin, qərara əlavə edilmiş şəkillərdən görünür ki, “3.1 Giriş qadağandır” nişanın qarşısında ağac budaqları var və bu həmin nişanın aydın şəkildə görünməsini məhdudlaşdırır. Ona görə də, məhkəmə hesab edir ki, qeyd edilən nişanın tələblərinin pozulmasına görə X9 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilməsi qənaətinə gəlinə bilməz. Eləcə də, üzərinə sübut etmə yükü düşən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X5 qeyd edilən inzibati xəta əməlinin törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, şikayət təmin edilməli, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib olunmuş 20 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27455231 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 20 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27455231 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi informasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib olunmuş 20 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27455231 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 20 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27455231 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi informasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar