Məhkəmə qərarları › İş №3(042)-193/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-193/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-193/2023 05.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 və X5 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayon X1 işləyən, Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında Gədəbəy rayonu, Qumlu kəndində yaşadığı evin qarşısında-küçədə sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, O, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Bundan əvvəl 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, Gədəbəy rayon X1 işləyir. xx.xx.2023-cü il tarixdə evində olan zaman bir butulka 250 qramlıq araq içmişdir. Sonra ona məlum olmuşdur ki, ona məxsus telefon, pul kartı və digər əşyalar itmişdir. Qardaşından həmin əşyaların harda olmasını soruşduqda xəbərinin olmadığını bildirmişdir. Ona görə də, əşyaların tapılması üçün DİN-nin 102 xidmətinə 14 dəfə zəng vurmuşdur. Daha sonra polis əməkdaşları yaşadığı ünvana gələrək onu güclə Gədəbəy RPŞ-nə gətirmişdir. Bundan sonra o bazar günü-xx.xx.2023-cü il tarixdə polis şöbəsindən buraxılmışdır. Bazar günü yaşadığı evə gəldikdə qardaşından onun pul kartının harda olmasını soruşanda qardaşı kartında olan 306 manatdan ona 200 manat məbləğində pulu və kartı qaytarmış, qalan pulun harda olmasını soruşanda qardaşı qalan pulu verməyəcəyini bildirmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin TB-nin baş təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə istintaq-əməliyyat qrupunda olarkən saat 19:55-dən 23:35-dək Gədəbəy rayonu, Qumlu kənd sakini Şəxs mütəmadi olaraq qardaşı Namiq Qurbanovun saxta əlillik alması ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Əməliyyat-istintaq qrupunun üzvləri RPŞ-nin İTB-nin baş inspektoru Şahin Əliyev, RPŞ-nin CAB-nin əməliyyat müvvəkkili Əli Həsənov və Növbətçi hissənin sürücüsü Novruz Məmmədovla birlikdə Şəxs yaşadığı ünvana getmişlər. Şəxs həmin vaxt sərxoş vəziyyətdə mübahisə edərək ucadan nalayiq söyüşlər söyərək qışqırmışdır. Bu zaman onlar Şəxs sakitləşdirməyə çalışaraq, nizam-intizama dəvət etsələr də, Şəxs öz hərəkətlərini 5-10 dəqiqə ərzində davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışıdır. Ona görə də, Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Şəxs qardaşıdır. Qardaşı daimi olaraq spirtli içki içir və onları narahat edir. xx.xx.2023-cü il tarixdə yenə spirtli içki qəbul edərək heç bir əsas olmadan DİN-nin 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları qardaşının yaşadığı ünvana gələrək onu polis şöbəsinə aparmışdır. Polis əməkdaşları gəldikdə qardaşı müqavimət göstərmiş və səs-küy salmışdır. Qardaşı daimi olaraq onları və qonşuları səs-küy salaraq narahat edir. Qardaşının polis əməkdaşları barədə bildirdikləri yalandır. Şahid inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs mütəmadi olaraq içki qəbul edir və problemlər yaradır. xx.xx.2023-cü il tarixdə də içki qəbul edərək səs-küy salmış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında Gədəbəy rayonu, Qumlu kəndində yaşadığı evin qarşısında-küçədə sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydaları pozmuş və onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:34 radələrində sərxoş olmuşdur. İş materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)- 95/2023 saylı qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə icraata xitam verilməsi və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi və ona 10 gün həbs növündə inzibati tənbeh təyin edilməsi qərar alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında Gədəbəy rayonu, Qumlu kəndində yaşadığı evin qarşısında-küçədə sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu şahid ifadələri, zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilməsindən bir il müddət keçmədən təkrarən eyni əməli törətməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xəta əməlini sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Məhkəmədə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:10 radələrində inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixədək Gədəbəy RPŞ-də saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına əsasən inzibati işlər üzrə araşdırmalarda prosessual normalarda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq normaları analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə qeyd edir ki, Şəxs Gədəbəy RPŞ-də saxlanıldığı 3 gün müddət, inzibati həbsin bir günü həbsdə saxlamanın bir gününə bərabər tutulmaqla ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada saxlanıldığı üç gün ona təyin edilmiş inzibati həbs müddətindən çıxılmaqla Şəxs üzərində qəti olaraq 12 gün müddətə inzibati həbs saxlanılsın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar