Məhkəmə qərarları › İş №3(042)-197/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-197/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-197/2022 20.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cu maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə VAZ 21154 Minik markalı **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük və sahiblik hüququ olmadan idarə etmiş, həmin avtomobili idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərini toyunuz mübarək olsun sözləri yazılmış örtüklə bağlamışdır. Etdiyi əməldən peşmandır. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə VAZ 21154 Minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük və sahiblik hüququ olmadan idarə etmiş, həmin avtomobili idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərini toyunuz mübarək olsun sözləri yazılmış örtüklə bağlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə VAZ 21154 Minik markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük və sahiblik hüququ olmadan idarə etmiş, həmin avtomobili idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərini toyunuz mübarək olsun sözləri yazılmış örtüklə bağlamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törətdiyi əməli səmimi etiraf etməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manat cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cu maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar