Məhkəmə qərarları › İş №3(042)-197/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-197/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-197/2024 22.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Mehtap oğlunun və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X7, X1, X3, X8 və X5 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Mehtap oğlu barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs Mehtap oğlu xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən “Xan” restoranının qarşısında sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Mehtap oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, müharibə iştirakçısıdır. Müharibə zamanı xəsarət almışdır və bununla bağlı müayinələrdə olmuşdur. O, xx.xx.2024-cü il tarixdə ot kipi gətirməyə getmək istəmişdir. Həmin gün yol kənarında spirtli içki qəbul etmiş, özündə olmamış və Kərəmi söhbət etməyə çağırmışdır. Bu zaman Kərəmlə mübahisələri düşmüş, Kərəm onu, o isə Kərəmi söymüşdür. Bu zaman polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışdır. Sevgil onun qonşusudur. Sevgillə əvvələr aralarında mübahisə olmuşdur. Həmin vaxt aralarında mübahisə olmamışdır. Sevgilin bildirdiyi səs yazıları köhnə səs yazılarıdır. xx.xx.2024-cü il tarixə aidiyyəti yoxdur. Qeyri-rəsmi yaşadığı qadının onların kafesində işləməsinə görə aralarında problem yaranmışdır. O, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Polis əməkdaşları ona avtomobilə əyləşməsini bildirdikdə o başqa avtomobil ilə gələcəyini bildirmiş, lakin polis əməkdaşları ondan avtomobilə əyləşməsini tələb etdikdə o avtomobilə əyləşərək polis şöbəsinə gəlmişdir. O, əməlindən peşmandır. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs Mehtap oğlunun barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, da müharibə iştirakçısıdır. xx.xx.2024-cü il tarixdə “Xan” restoranının qarşısında olan zaman Midxət sərxoş vəziyyətdə onu çağıraraq, heç bir səbəb olmadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onun səhəti pisləşmiş, təzyiqi qalxmış və təcili tibbi yardım gələrək ona tibbi yardım göstərmişdir. Bundan sonra isə o DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və Midxət polis avtomobilinə əyləşməkdən imtina etmiş, polis əməkdaşları güclə polis şöbəsinə aparmışdır. Midxət bir neçə dəfədir ki, ona nalayiq ifadələr işlədərək ona ilişir. Midxət onlardan nə istəyir bilmirlər. Midxət içki aludəçisidir. Midxət onlardan əl çəkmir. O, Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Midxət onun qohumu və qonşusudur. xx.xx.2024-cü il tarixdə də olmaqla bir neçə dəfə onu təhqir etmiş və söymüşdür. xx.xx.2024-cü il tarixdə Midxət “Xan” restoranının yaxınlığında olan yüksəkliyə çıxaraq yüksək səslə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməyə başlamışdır. Kərəmə qarşı da nalayiq ifadələr işlədərək onu çağırmışdır. O, Kərəmi Midxətin yanına getməyə qoymamışdır. Həmçinin Midxət onu da nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra polis əməkdaşları gələrək Midxəti polis şöbəsinə aparmışdır. Həmçinin Midxəti telefon vasitəsi ilə ona nalayiq ifadələr işlətmişdir. O, Şəxs şikayətçidir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin X17 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə X13 DİN-nin 102 xidmətinə zəng edərək, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən “Xan” restoranının qabağında Şəxs Mehtap oğlunun onu, Sevgil Məmmədovanı və İbrahim Məmmədovu təhqir etməsini bildirmişdir. Məlumat əsasında xx.xx.2024-cü il tarixdə təxminən saat 09 radələrində hadisə yerində olmuşlar. Şəxs Mehtap oğluna yaxınlaşaraq DİN-nin 102 ximdətinə daxil olmuş məlumatla bağlı ondan soruşduqda Şəxs zərərçəkmiş şəxslərə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs söyüş söyməməyə, nizam-intizama dəvət etsələr də, sonuncu hərəkətlərini davam etdirmişdir. Şəxs həmin zaman sərxoş vəziyyətdə olmuşdur. Onlar Şəxs xidməti avtomobilə əyləşərək polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Şəxs isə onlara getməsini, başqa avtomobil ilə gələcəyini bildirərək polis avtomobilinə əyləşməkdən imtina etmişdir. Şəxs zərərçəkmiş şəxslərə qarşı yenə nalayiq ifadələr işlətdiyinə görə onlar Şəxs polis avtomobilinə əyləşdirərək Gədəbəy rayon Polis şöbəsinə aparmışlar. Şəxs avtomobildə olan zaman da zərərçəkmiş şəxslərə qarşı nalayiq ifadələr işlətmişdir. Həmçinin polis şöbəsində də zərərçəkmiş şəxslərin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Şəxs polis avtomobilə əyləşməyərək və onlar tərəfindən nizamintizama dəvət edilməsinə baxmayaraq zərərçəkmiş şəxslərə nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, Şəxs şikayətçidir. Zərərçəkmiş şəxslər X15 və X11 məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ilə eyni məzmunlu izahat verdilər. X2 məhkəmə iclasında bildirdi ki, Sevgil Məmmədova onun arvadı, Midxət isə qonşusudur. Midxət onları nalayiq ifadələrlə təhqir edir. Həmçinin Midxətlə torpaq sahələrinin sərhədlərində yerləşən metal tor üstündə də mübahisələri olmuşdur. Midxət dəfələrlə onlara qarşı nalayiq ifadələr işlədərək onları bezdirmişdir. Onlardan əsassız olaraq müxtəlif dövlət qurumlarına əsassız şikayətlər edir. Yoldaşına telefon vasitəsi ilə nalayiq ifadələr işlətmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin X17 Bölməsinin sahə rəisi, X9 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mehtap oğlu xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən “Xan” restoranını qarşısında sərxoş vəziyyətdə uca səslə söyüş söyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan alkotestrlə yoxlamanın nəticəsi olan vərəqdən görünür ki, Şəxs Mehtap oğlu xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Mehtap oğlu xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən “Xan” restoranını qarşısında sərxoş vəziyyətdə uca səslə söyüş söyərək ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Mehtap oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.2.-ci maddələrinə əsasən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs Mehtap oğluna inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs Mehtap oğlunun barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, məsuliyyətini ağırlaşdıran halın olmasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Mehtap oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Mehtap oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs inzibati tənbehi təyin edilsin. İnzibati həbs müddətinin əvvəli 20 iyul 2024-cü il tarix, saat 15:20-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar