Məhkəmə qərarları › İş №3(042)-198/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-198/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-198/2024 22.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonu, Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 20 iyul 2024-cü il tarixdə qanunsuz ağac kəsilməsi ilə əlaqədar Gədəbəy rayon Polis şöbəsində olmuş və onunla birlikdə gəlmiş bacısına polis əməkdaşları getməsini, ona isə qalmasını bildirmişlər. O, isə həbs ediləcəyindən qorxaraq həyəcanlanmışdır. Həmçinin onun bir baş iribuynuzlu inəyi var. Arvadı da xəstədir. İnəyinə o baxır. O həbs ediləcəyi təqdirdə inəyə heç kəs baxmayacağını düşünmüşdür. O, polis şöbəsində yerə yıxılmış və səs-küy salmışdır. Daha sonra isə sakitləşmişdir. O xəstəliyi ilə əlaqədar səs-küy salmışdır. O, polis əməkdaşlarına müqavimət göstərməmişdir. Sadəcə qışqırıb səs-küy salmışdır. O, polis əməkdaşlarından üzr istəmişdir. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbsə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin İstintaq Bölməsini müstəntiqi vəzifəsində işləyir. İcraatında Şəxs barəsində Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi vardır. xx.xx.2024-cü il tarixdə Şəxs yekun ittiham elan edilməsi məqsədi ilə Gədəbəy rayon Polis şöbəsinə dəvət edilmişdir. Saat 11 radələrində Şəxs bacısı ilə birlikdə polis şöbəsinə daxil olmuşdur. Bacısı onlardan Şəxs barəsində olan işlə əlaqədar məlumatlar almışdır. Şəxs isə müharibə iştirakçısı olduğunu, 2 ədəd ağac kəsməyə haqqının olmadığınımı, külək yıxmış ağacı kəsdiyini bildirərək səs-küy salmğa başlamışdır. Onlar Şəxs sakitləşdirməyə çalışmış və onun müdafiəçisi dəvət edilmişdir. Şəxs müdafiəçisi ilə tanış edilmişdir. Bundan sonra Şəxs ifadəsini bir neçə dəfə dəyişərək ümumiyyətlə ağac kəsmədiyini, gah arvadının kəsdiyini, gah da ki tanımadığı bir nəfər şəxsin kəsdiyini bildirmişdir. Həmin gün ekologiyanın əməkdaşı Aydın Rüstəmov üzləşməylə bağlı polis şöbəsinə dəvət edilmişdir. Şəxs üzləşmə zamanı 2 ədəd külək yıxmış ağac kəsidiyini bildirmişdir. Bundan sonra bacısı cinayət prosesi üzrə iştirakçı olmadığından oradan uzaqlaşdırılaraq Şəxs istintaqla bağlı müvafiq sənədlərə imza çəkməsini bildirdikdə, Şəxs yenidən səs-küy salmağa başlamış, bacısına ruhi xəstəliyi olan arvadının özünü yandırmasını və polislərin üzərinə atmasını bilirmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, Şəxs öz hərəkətlərini davam etdirmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X1 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə səs-küy salaraq şöbənin iş rejimini pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxsin mobil telefonunda olan audiovideo görüntüyə baxış keçirilmişdir. Həmin audio-video görüntüdə Şəxs Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə qışqıraraq səs-küy salması və polis əməkdaşlarını qanuni tələblərinə tabe olmaması təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar