Məhkəmə qərarları › İş №3(042)-198/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-198/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-198/2025 01.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, X2nun iştirakı ilə X4 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 300 manat inzibati qaydada cərimə edilmişdir. Qərar onunla əsaslandıılmışdır ki, guya o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinə çağrılmış lakin o, şöbəyə gəlməmişdir. Lakin qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişi almamış, ona xx.xx.2025-ci il tarixinə bildiriş verilmiş və o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinə gəlmişdir. Lakin ona bildirilmişdir ki, o, gecikdiyinə görə inzibati cərimə edilmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından görünür ki, X5 təkrar tibbi müayinə gecikdiyinə görə ona Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.1. və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş əməlin tərkib hissəsi qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməyə görə yarandığı halda, qərarı çıxarmış orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təkrar tibbi müayinə gecikməsi əsası ilə qərar çıxarmışdır. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş əməlin tərkib hissəsi yoxdur. Bundan başqa, qərarı çıxarmış orqan tərəindən bildirişin barəsində qərar çıxarılmış şəxsə çatdırılması haqqında da sübut təqdim edilməmişdir. Ona görə də şikayət təmin edilməli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin 08 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsinin 08 iyul 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin və X5 inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar