Məhkəmə qərarları › İş №3(042)-200/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-200/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-200/2023 04.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materiala görə Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan bir ədəd T-8677 nömrəli, zavod üsuli ilə Tula silah zavodunda 1965ci ildə istehsal olunmuş 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi əldə edərək saxlamaqla mülki silahın əldə edilməsi qaydasını pozmuşdur. Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi X5 tərəfindən Şəxs İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Ov tüfəngi polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aşkar edilmişdir. Ov tüfəngi atası X2 ovçuluq məqsədi ilə verilmişdir. Atası 2005-ci il tarixdə vəfat etmişdir. Atasından qalan miras mülkü vərəsə kimi o qəbul etmişdir. Həmin ov tüfəngi də atasından miras qalmışdır. Ona görə də, iş üzrə icraata xitam verilməsini və ov tüfənginin onun adına rəsmiləşidirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində həmin maddə ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda Şəxs mülki silahı əldə edərək saxlamaqla mülki silahın əldə edilməsi qaydasını pozması göstərilmişdir. İş materiallarında olan Azərbaycan SSR dövründə verilmiş ovçuluq vəsiqəsinin surətindən görünür ki, qeyd edilən ov tüfəngi ovçuluq məqsədi ilə X1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan reyestrdə 2V-1058 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi kimi Şəxs müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, Şəxs əməlində 590.2-ci maddəsinin tərkibi olması üçün o mülki silahı əldə etməli, saxlamalı, daşımalı, başqa şəxsə verməli və ya satmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi X5 tərəfindən Şəxs İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Şəxs məhkəmə iclasında mülki silahın atasından miras qaldığını bildirmişdir. Göründüyü kimi, qeyd edilən mülki silah Azərbaycan SSR dövründə X2 ovçuluq məqsədilə verilmiş və bu barədə ona vəsiqə də verilmişdir. X3 2005-ci il tarixdə vəfat etmişdir. Mülki silah Şəxs atasından miras qalmışdır. X1 vərəsəsi kimi Şəxs müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, mülki silahı əldə etməmiş, saxlamamış, daşımamış, başqa şəxslərə verməmiş və satmamışdır. Sadəcə olaraq Şəxs savadsızlığı ilə əlaqədar atasından miras qalmış mülki silahı adına rəsmiləşdirməmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №-li saylı inzibati xəta haqqında protokola əsasən bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, Şəxs təqsiri sübuta yetirilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, inzibati məsuliyyətdən azad edilməli və bir ədəd T-8677 nömrəli, zavod üsulu ilə Tula silah zavodunda 1965-ci ildə istehsal olunmuş 16 kalibirli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə Şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 11, 40, 43, 48-51, 61, 77, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Bir ədəd T-8677 nömrəli, zavod üsulu ilə Tula silah zavodunda 1965-ci ildə istehsal olunmuş 16 kalibirli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov tüfəngi qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirilməklə Şəxs qaytarılsın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar