Məhkəmə qərarları › İş №3(042)-203/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-203/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-203/2023 03.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X5 İXM-in 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 qərardan şikayət verərək, Xəzər rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 243.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Xəzər rayon Polis İdarəsinin xx.xx.2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1 -ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o sürücülük etibarnməsi əsasında istifadəsində olan “Kamaz” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən daş karxanasında kəsilən kubiklərin yaranmış tozunu daşımaqla öz ailəsinə çörək pulu qazanır. Həmin kubik tozunu orada traktor vasitəsilə onun yük maşınına yükləməyə görə hər reysə 10-15 manat pul verir. Ailəlidir, himayəsində iki azyaşlı övladı və xəstə anası var. X8 müharibəsi qazisidir. Müharibə vaxtı kəllə-beyin tarvması, həmçinin, güllə və qəlpə yarası almışdır. xx.xx.2022-ci il tarixdə özünə məxsus kamaz markalı yük maşını ilə Zirə qəsəbəsində yerləşən daş karxanasında kəsilən kubiklərin yaranmış tozunu özünə məxsus kamaz markalı yük maşına doldurub Mərdəkan qəsəbəsi ərazisindən keçərkən Xəzər rayon Polis İdarəsinin Yol patrul əməkdaşları reyd keçirib onu və digər avtomobilləri saxlamışlar. Həmin vaxt yol polisi əməkdaşları ondan yük maşınında nə olduğunu soruşduqda kubik tozu apardığını demişdir. Polis əməkdaşları ona bu kimi tikinti materialı aparmaması barədə xəbədarlıq etmişlər. Lakin ona hər hansı cərimə yazılacağı barədə heç nə deməmişlər. Barəsində heç bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. O, maşını sürərək çıxıb getmişdir. Bundan sonra yalnız 16 iyun 2023-cti il tarixdə ona Gədəbəy rayon İcra və Probasiya şöbəsindən ona cərimənin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərildikdən sonra bu barədə məlumatı olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbəri olmamış və barəsində əsassız protokol tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. İXM-in 243.0.1 -ci maddəsində yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin o daş karxanasından kubik tozu daşımaqla yerin təkindən istifadə qaydalarını pozmamışdır. Ona görə də onun əməlində İXM-in 243.0.1-ci maddəsinin tərkib əmamətləri yoxdur. Hesab edir ki, barəsində olan Xəzər rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sözügedən inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış, qərar və inzibati xəta haqqında protokol ona rəsmi qaydada göndərilməmiş, qərar icraya yönəldikdən sonra 17 yanvar 2023-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən xəbərdarlıq məktubu göndərildikdən sonra qərarın və inzibati xəta haqqında protokolun kserosurətini əldə edərək barəsində belə bir cərimə qərarının olmasını bilmişdir. Ona görə də qərardan indi şikayət verməli olmuşdur. Bunu nəzərə alaraq qərardan şikayət verməsi üçün müddətin buraxılmamış hesab edilməsini xahiş edir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs və qərardan şikayət vermiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binə qəsəbəsində yerin təkindən istifadə qaydalarını pozduğuna görə İXM-in 243.0.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X5 Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən İXM-in 243.0.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. X3 İXM-in 243.0.1-ci maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. X1 yerin təkindən istifadə qaydalarını pozulmasına görə cərimə edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaranır. Qeyd olunan hüquq normasına əsasən məhkəmə qeyd edir ki, İXM-nin 243.0.1-ci maddəsi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlıdır. Qeyd edilən İXM-nin müvafiq maddəsindən aydın olur ki, həmin inzibati xətanın subyekti kimi yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi vəzifəsinin daşıyan şəxslər inzibati məsuliyyət daşıyır. Məhkəmədə müəyyən edildi ki, X5 istifadəsində olan “Kamaz” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən daş karxanasında kəsilən kubiklərdən yaranmış tozu daşımaqla məşğul olur. xx.xx.2022-ci il tarixdə də O.Hüseynov həmin idarə etdiyi nəqliyyat vasitəsi ilə daş karxanasında kəsilən kubiklərdən yaranmış tozu daşıyan zaman YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, onun bu fəaliyyəti yerin təkindən istifadə qaydalarının pozulması kimi qiymətləndirilmiş və İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, O.Hüseynovun istifadəsində olan nəqliyyat vasitəsi ilə daş karxanasında kəsilən kubiklərdən yaranmış tozu daşıması yerin təkindən istifadə qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Eləcə də, O.Hüseynovun yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi vəzifəsini daşıması məhkəmədə müəyyən edilmir. Ona görə də, məhkəmə hesab edir ki, X3 əməlində İXM-in 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. İXM-in 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar