Məhkəmə qərarları › İş №3(042)-206/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-206/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-206/2021 05.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gədəbəy rayon Düzyurd kəndində yaşayan, əvvəllər məhkum edilməmiş Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 04.08.2021-ci il tarixdə Gədəbəy rayonunun Düzyurd kəndində ucadan nalayiq söyüşlər söyməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 04.08.2021-ci il tarixdə Gədəbəy rayonunun Düzyurd kəndində spirtli içki qəbul etmiş, spirtli içkinin təsirindən həmin kənddə yerləşən “Rafiq” kafesinə gəlmiş, orada mübahisə etmiş, nalayiq söyüşlər söymüşdür. Etdiyi əməldən peşmandır. Ona görə də daha yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, 04.08.2021-ci il tarixdə Gədəbəy rayonunun Düzyurd kəndində yerləşən Rafiqin kafesi adlanan kafedə dava olması barədə məlumat daxil olmuşdur. O və digər polis əməkdaşları hadisə yerində olmuş orada Şəxs ucadan nalayiq söyüşlər söyməsini görmüş, və onu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.08.2021-ci il tarixdə Gədəbəy rayonunun Düzyurd kəndində ucadan nalayiq söyüşlər söymüşdür. İşdə olan İnzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs 04.08.2021-ci il tarixdə 20:54-də tutulmuşdur. İşdə olan Sərxoşluğun müayinə edilməsi haqqında protokoldan görünür ki, Şəxs 04.08.2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardır. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs 04.08.2021-ci il tarixdə Gədəbəy rayonunun Düzyurd kəndində ucadan nalayiq söyüşlər söymüş, yəni, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, hadisəni sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 5 gün müddətinə inzibati həbs növündə inzibati tənbehi təyin edilsin. Həbsdə saxlamanın əvvəli 04 avqust 2021-ci il tarixdən, saat 2054-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar